![]()
Anti Narkomaniya İctimai Birliyinin təşkilatçılığı ilə Pakistanlı gənclərin iştirakı ilə narkotiklərin yayılmasının qarşısının alınması və sağlam həyat tərzi mövzusunda Zoom platformasında onlayn təlim keçirilib. Tədbir gənclər arasında maarifləndirmənin gücləndirilməsi və iki qardaş ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli addım oldu.
Təlimi Birliyin İdarə Heyətinin üzvü Fərid Mustafayev aparıb. Təlimçi çıxışında narkotiklərin gəncin sağlamlığına, ailəsinə, təhsilinə, işinə və gələcəyinə necə təsir edə biləcəyindən danışıb. O, məqsədin qorxutmaq yox, məlumat vermək olduğunu vurğulayıb: insanlar təhlükəni başa düşdükdə özlərini ondan qorumaq daha asan olur.
Fərid Mustafayev dostların təsiri, “bir dəfə yoxlamaq” fikrinin təhlükəsi və “xeyr” deyə bilməyin zəiflik yox, güc olduğunu izah edib. Sağlam alternativlər kimi idman, təhsil və yaradıcılığı önə çəkən təlimçi gənclərə problemlərdən qaçmaq əvəzinə onları həll etməyi öyrənməyi tövsiyə edib.
Təlim interaktiv formatda keçib. İştirakçılar suallar verib, fikirlərini bölüşüb. Müzakirə zamanı maarifləndirmənin çox vaxt risk qrupundakı gənclərə çatmadığı məsələsi də qaldırılıb. Fərid Mustafayev bu suala cavab olaraq gənclərin olduğu mühitə getməyin, mesajı onların güvəndiyi insanlar vasitəsilə çatdırmağın, mühakimə etməkdən çəkinməyin və ailə, məktəb, həkim və reabilitasiya mərkəzləri arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Təlim boyunca göstərdiyi dəstək və fəallığı ilə gənc iştirakçı Şumaim Sohail (Shumaim Sohail) seçilib. Təşkilatçılar onun təşəbbüskarlığına görə təşəkkür edib və belə gənclərin narkomaniyaya qarşı maarifləndirmədə mühüm rol oynaya biləcəyini bildiriblər.
Tədbirin təşkilində göstərdikləri dəstəyə və Pakistan tərəfdən vasitəçiliyə görə hüquqşünaslar Xurram Şiraz (Khurram Sheraz) və Məhəmməd Hüseyn Xana (Muhammad Hussain Khan) xüsusi təşəkkür bildirilib. Onların köməyi sayəsində iki ölkənin gəncləri arasında yeni əlaqə qurulub.
Narkotik problemi dövlət sərhədləri tanımır. Ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq və gənclər arasında təcrübə mübadiləsi böyük önəm daşıyır. Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri gənclərin ortaq layihələri, birgə maarifləndirici tədbirlər və onlayn seminarlar vasitəsilə daha da möhkəmlənə bilər.
Təlimin əsas mesajı kimi: “Narkomaniya heç vaxt çıxış yolu deyil, əksinə çıxılmaz yoldur. Bu mübarizə tək bir şəxsin yox, bütün cəmiyyətin məsuliyyətidir. Birlikdə hərəkət etsək, bu problemin qarşısını almaq mümkündür.”
Təlimçi Fərid Mustafayev bu görüşün Azərbaycan və Pakistan gəncləri arasında yeni əməkdaşlığın başlanğıcı olacağına ümid edir və sağlam gənclik, güclü cəmiyyət və narkotikdən uzaq gələcək üçün maarifləndirmə fəaliyyətini davam etdirəcək.

.

.

.
.

Subyekt.az