Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir.
Heydər Əliyev,
Ümumilli lider
Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Bu dövr ərzində nə qədər ağır və çətin sınaqlardan keçdik. XX yüzilliyin sonuna yaxın qarşılaşdığımız problemlər bəlkə də o sınaqların ən böyüyü, ən məsuliyyətlisi idi. Çünki burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Çünki, azadlığı, suverenliyi, müstəqil dövləti olmayan xalqın millətlər içərisində yaşamaq haqqı yoxdur. Neçə illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir.
Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim və zəngindir. Ona görə də müstəqil dövlətimizi qurarkən biz dünya təcrübəsindən, ümumbəşəri dəyərlərdən bəhrələnməklə yanaşı öz dövlətçilik ənənələrimizə söykənmiş, ondan istifadə etmişik. Bu ənənələr bu gün Azərbaycanda yaşadılır, təkmilləşdirilir və inkişaf etdirilir.
Bu gün müstəqillik tariximizin ən şərəfli, qürurlu zamanını yaşayırıq. Azərbaycan xalqı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək tarix yazır. Hər dəfə eşidilən qələbə sorağı insanların qələbəyə yaxınlaşdığına əminlik yaradır. 1991-ci ildən düz bu günə, yəni 32 il bundan əvvəl elan olunan 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününü xalqımızın tarixinə həkk olundu. 32 illik müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz bu müstəqillik tarixində əldə olunan nailiyyətlərdir. 32 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.
Sən bu gül bayrağın altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.
Bu gün Azərbaycan güclü, qətiyyətli mövqe nümayiş etdirən müstəqil dövlətdir. Keçdiyimiz yol, bu yolda qarşımıza çıxan maneələr, müsəqillik arzusunu boğa bilmədi. Çünki Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda müstəqillik yolunda inamla addımlayan ölkə olduğunu dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev dövlətin suverenliyini tam təmin edən mükəmməl siyasi kurs həyata keçirdi, Prezident İlham Əliyev onu inkişaf etdirərək, yeni uğurlara imza atdı. Milli maraqlar, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu uğurla davam etdirdi. Artıq biz bugün neçə illərdir ki həsrətində olduğumuz anların şahidi oluruq. Azərbaycan ordusu Qarabağda şanlı tarix yazır. Sentyabrın 27-də cəbhədə təxribat törətmək istəyən düşmən ordusuna ən layiqli cavabı Azərbaycan əsgəri verdi. 30 ilə yaxındır ki düşmən tapdağı altında olan şəhər və kəndlərimiz düşmən işğalından xilas olunub.Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqımız bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müasir dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!
Qarabağ Azərbaycandır!
Aynur Turan
Tədqiqatçı -jurnalist
Subyekt.az