![]()
XXI yüzilliyin qlobal şəhəri sayılan Nyu-York maliyyə və mədəniyyət mərkəzi olmaqla yanaşı həm də belə deyək nitqüstü həllərin istehsal olunduğu ideoloji laboratoriya qismindədir. – Yəni mövzunun dil vasitəsilə formalaşdırılması, ideoloji çərçivəyə salınması, ictimai şüurda qəbul etdirilməsi prosesinindən daşırıq.
Bu laboratoriyada zaman-zaman tarix “yenidən yazılır”, yaddaş “yenidən qurulur”, həqiqət isə – çox vaxt – siyasi sifarişə uyğun olaraq redaktə edilir…
Son günlərdə şəhər meri Zohran Məmdaninin səsləndirdiyi və mediada tirajlanan ittiham xarakterli fikirlər də bu kontekstdən qıraqda deyil. Azərbaycanı və Türkiyəni hədəfə alan məlum çıxış, ilk baxışda “tarixi ədalət” ritorikası ilə pərdələnsə də, əslində, çağdaş infosavaşın bir örnəyidir.
Nə baş verib? Bir az da dəqiqləşdirək: Deməli, yenə aylardan aprel, yenə ABŞ və yenə “erməni soyqırımı” çərənləməsi… Üstəlik, “balalaya-balalaya” artan “soyqırım qurbanları”nın bir milyon yarımlıq sayı Anadoludan ətrafa da sıçrayaraq, daha geniş coğrafiya üzrə “yad edilib”. O sıçrama coğrafiyadan başqa bizim Vətən savaşı illərinə də sıçrayıb. Bəs deməzsizmi, 111 il öncə Türkiyə, Suriya və Ermənistan ərazilərində deyilən sayda erməni öldürülübmüş – bu, heç – zatən oralarda ağızlar buna öyrəncəlidir. Üstəlik də, 2020-ci ildə Azərbaycan və Türkiyə Qarabağdakı erməni əhaliyə hücum edibmiş, bu da yetməzmiş kimi, 2023-cü ildə isə Azərbaycan yüz mindən çox ermənini bölgədən çıxardaraq, 100 ildən artıq davam edən “soyqırımı kampaniyası”nı davam etdirdiribmiş. – Bu, siyasi həyasızlığın Zohran Məmdani dərəcəsidir!
Görünü tarix oralarda asanlıqla ideoloji alətə çevrilə bilir.
Nyu-Yorka çox uzaq Anadolu və çevrəsində baş verdiyi iddia edilən – bu gündən 111 il uzaq 1915-ci il olaylarının bu gün də müxtəlif siyasi platformlarda qərəzli seçmə şəkilində gündəmə gətirilməsi təsadüf deyil, əlbəttə.
Burada baş verən proses – artıq müxtəlif təhlillərdə vurğulandığı kimi – emosional çağırışların siyasi mövqeyə transformasiya olunduğunu, siyasi mövqenin isə beynəlxalq təzyiq alətinə çevrildiyini görürük. Bax, bu, doğrudan da, tarixin geopolitik texnologiyaya çevrilməsindən xəbər verir.
Buradan kəm yaddaş və qlobal ədalət paradoksuna gəlib çıxırıq. Qlobal ədaləti Vaşinqton qura bilmirsə, Nyu-Yorkmu quracaq onu?..
Ortada açıq suallar vardır.
-Niyə 30 ilə yaxın davam edən işğal dönəmində Azərbaycanın mədəni irsinə qarşı törədilən vandalizm Nyu-Yorkda görünmür, deyilmir?
Niyə Xocalı Soyqırımı kimi hadisələr eyni emosional yük və siyasi həssaslıqla təqdim olunmur?
Nə üçün 2025-ci ilin avqustunda Vaşinqtonda – Ağ Evdə, ABŞ Prezidentinin şahidliyi və evyiyəliyi ilə başlanan, Ermənistan ilə Azərbaycan arasında sülhə xidmət edən tarixi görüşmə və imzalar Nyu-York merinin ofisində “gprünmür”, “bilinmir”, “unudulur”?!.
Belə suallar cavabsız qalanda ortaya çıxan mənzərə – daha doğrusu, mənzərəsizlik – hər kəsə aydın deyilmi?..
İnfosavaş – bəli, o, səngərsizdir amma illa savaşdır ki savaşdır.
Bəli, çağdaş dönəmdə savaş yalnız cəbhədə getmir; o, paralel olaraq mediada, akademik səciyyədə, siyasi tribunada da davam edir.
Bu durumda Azərbaycan və Türkiyə əleyhinə səsləndirilən ittihamların məqsədi faktın özünü yox,
faktın qəbul olunma formasını dəyişməkdir.
Bizim üçün əsas vəzifə nədir? – Faktları sadalamaqdan daha üstün – anlamlı, ardıcıl və elmi əsaslı yanaşmalarla irəliləməliyik.
Əks halda, başqalarının yazdığı tarixlə polemika aparmaq zorunda qalacağıq.
Bəli, tarixi gələcəyin ideoloji xəritəsi sayırıqsa, həmin xəritəni başqalarının cızmasına qətiyyən imkan vermək olmaz.
Azərbaycan artıq hərbi-siyasi müstəvidə qalibdir, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib; indi qarşıda duran əsas meydan tarixi həqiqətin bütövlüyünün, suverenliyinin bərpasına nail olmaqdır…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az