
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər rayonundakı təsərrüfatlara baş çəkib və fermerlərlə görüşüb.
Səfər çərçivəsində nazir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə də görüşüb.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Eyni zamanda Kəlbəcər şəhərinin Baş Planına əsasən tikinti işlərinin sürətlə davam etdirildiyi diqqətə çatdırılıb.
Nümayəndə heyəti rayondakı tikinti işləri ilə əyani tanış olub.
Sonra Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində iclas keçirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevin, nazirliyin və xüsusi nümayəndəliyin məsul şəxslərinin və fermerlərin iştirak etdiyi iclas Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı mövzusuna həsr olunub.
İclasda qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, Kəlbəcərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Fermerlər aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər..
Yekun olaraq təkliflər qeydə alınıb, suallar cavablandırılıb.
Nazir səfər çərçivəsində Kəlbəcər yaylaqlarında yaradılmış eksperimental yak təsərrüfatına da baxış keçirib, təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi, yaklara qulluq qaydaları, yem rasionu, döl dövrünə hazırlıq, heyvan xəstəlikləri ətrafında fikir mübadiləsi aparıb.
#Kəlbəcər
Subyekt.az