![]()
Maarifçilik hər zaman aktualdır.
Gerçək qəhrəmanlarımızı tanıyaq!
«“Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!”»
MURAD GƏRAY TLEXAS
Murad Gəray Tlexas 1874-cü ildə doğulmuşdu. Çərkəz (Adıgey) xalqının övladı olsa da, millətimizin ən böyük haqq sahibi olan qəhrəmanlarından biridir. Onun haqqında ilk bilgini azərbaycanlı mühacir, bolşevik istilasının ilk dönəmlərinin şahidi olmuş Əziz Alpoudun qələmə aldığı “Həyatımın hekayətləri” kitabından almışdım. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdən olub, topçu kimi şöhrət qazanmışdı. Müdafiə naziri Səməd bəy Mehmandarov onu topçu briqadasının komandiri təyin etmiş, sonradan isə Bakıda asayişin qorunması və şəhərin müdafiəsi bu etibarlı və peşəkar zabitə həvalə olunmuşdu.
O, Qafqaz İslam Ordusu sıralarında Bakının və Azərbaycanın digər bölgələrinin erməni-rus bolşeviklərindən təmizlənməsində xüsusi rol oynayıb. 1919-cu ildə Denikin ordusunun hücumuna qarşı Bakı şəhərinin müdafiəsinə rəhbərlik edib. Hər dəfə də hökumət qarşısında qətiyyətlə çıxış edib deyirmiş ki, mənə səlahiyyət verin, bu bolşevik tör-töküntülərinin qarşısını ən sərt formada alım.
1920-ci ilin aprelində bolşeviklər hakimiyyəti qəsb edib milli hökuməti devirəndən sonra Murad Gəray Tlexas bolşevik Əli Bayramovun qətlində ittiham olunaraq ölümə məhkum edilib. Edam olunmazdan öncə, başqalarına görk olsun deyə, erməni-bolşevik əsgərlər bu məğrur generalı qəfəsə salınmış vəziyyətdə araba ilə Bakının küçələrində gəzdirib ələ salırlarmış. İnsanların çoxu bu şərəfli hərbçinin kimliyini tanımırdı; ancaq anlayırdılar ki, bolşeviklərə qarşı dirəniş göstərən milli hakimiyyətin ən önəmli şəxsiyyətlərindən biridir.
Rus hakimlər ona qarşı “Sən fəhlə-kəndli düşmənisən, burjuasan!” deyəndə general qamətini dikəldərək “Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!” sözlərini qürurla hayqırmışdı. O, hər bir azərbaycanlı qədər, bəlkə də daha artıq, millətimizə və dövlətimizə sadiq bir şəxsiyyət idi.
Onun məhkəmə prosesi indiki Opera və Balet Teatrında keçirilib. İki qızı da zalda atalarını gözləyən cəza barədə qərarı dinləməyə gəlibmiş.
Əziz Alpoud yazır ki, “öncədən hazırlanmış edam qərarı oxunanda bu mərd hərbçinin heç tükü də tərpənmədi. Bu alçaqlara qartal kimi yuxarıdan aşağı baxırdı. O anda bizimlə bərabər iki qız uşağının da göz yaşı axdı. Onlar general Tlexasın qızları idi… Atalarının məmləkətinə gəlmişdilər”…
Gedib, tarixin bilmədiyiniz qaranlığından özünüzə saxta qəhrəmanlar düzəltməyin, bu kişilərdir sizin qəhrəmanlarınız!
Taleyin ironiyasına baxın ki, bu dövlətə qarşı çıxmış Əli Bayramovun məzarı Fəxri xiyabanda qorunur, onun qatili olmaqda ittiham edilərək, bolşeviklərin edam maşınının ilk qurbanlarından olan Azərbaycan generalı Murad Gəray Tlexasın məzarının isə harada olduğu bilinmir…
(Fazil Mustafa. “Anladım. Tanıdım. Yaşadım” kitabından)
Subyekt.az