![]()
Milli Məclisin iclasında
Aprelin 11-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 4-dən 7-dək Özbəkistan Respublikasında işgüzar səfərdə olub. Səfərdə məqsəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransını təşkil edib, iştirak etmək və həmçinin, Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında və Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında iştirak etmək idi.
Spiker xatırladıb ki, bu gün Milli Məclisin sədri 5 beynəlxalq parlament təşkilatına sədrlik edir və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası bunlardan ikisidir.
Milli Məclisin sədri qeyd edib ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Daşkənddə Heydər Əliyev Meydanında olublar. Orada nümayəndə heyəti Ulu Öndərin abidəsini ziyarət edib və onun əziz xatirəsini ehtiramla yad edib.
Spiker bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü konfransında Hərəkatın üzvü olan dövlətlərin parlamentlərindən və beynəlxalq təşkilatlarından 48 nümayəndə heyəti, başqa sözlə, 280-dən artıq nümayəndə iştirak edib. Azərbaycanın sədrliyi ilə konfransda “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb. Həmin tədbirdəki giriş nitqində spiker Sahibə Qafarova Qoşulmama Hərəkatının təməlində dayanan Bandunq prinsiplərinin bu gün üçün əhəmiyyətindən danışıb.
O, qeyd edib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.

.

.

.

.

Subyekt.az