![]()
Mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə bağlı qida zəhərlənmələri xüsusi diqqət tələb edir
BAKI, 23 sentyabr — Subyekt.az. Ev şəraitində və ailə təsərrüfatlarında hazırlanaraq gələcəkdə bazara çıxarılacaq qida məhsullarına hazırda hər hansı sertifikat tələbi müəyyən edilməyib. Bu məhsulların sertifikatı olmadığına görə cəzalandırılması ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, habelə qida zəhərlənmələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir.
AQTA-nın apardığı təhlillərə və statistik göstəricilərə əsasən, 2024–2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiqlənmiş 241 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Onlardan 137-si məişət zəminində baş verib ki, bu da ümumi hadisələrin 57 faizini təşkil edir.
Məlumata görə, məişət zəminində baş verən həmin hadisələrin 47 faizi mənşəyi müəyyən edilməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub.
Agentlik hesab edir ki, izlənilməsi mümkün olmayan bu cür məhsullardan qaynaqlanan qida zəhərlənmələrinin qarşısının alınması və istehlakçıların sağlamlığının qorunması məqsədilə onların bazara yerləşdirilməsi ilə bağlı müvafiq tənzimləmə mexanizmlərinin formalaşdırılmasına ehtiyac var.
Ev təsərrüfatlarının məhsullarının bazara çıxışına imkan yaradılacaq
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.
Dövlət Proqramında sözügedən tədbirin icra müddəti 2028–2032-ci illər müəyyən edilib.
Bu çərçivədə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazara yerləşdirilməsi mexanizmi ilə bağlı təkliflərin hazırlanması, müvafiq hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.
Məqsəd bir tərəfdən ev təsərrüfatları və ailə təsərrüfatları tərəfindən hazırlanan məhsulların bazara çıxış imkanlarını genişləndirmək, sahibkarlıq fəaliyyətinin inkişafına şərait yaratmaq, digər tərəfdən isə istehlakçıların mənşəyi və təhlükəsizliyi müəyyən edilməyən qida məhsullarından zəhərlənmə riskinin qarşısını almaqdır.
AQTA xüsusilə vurğulayır ki, hazırda ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün ayrıca sertifikat tələbi müəyyən edilməyib. Eyni zamanda, bu məhsulların sertifikatının olmamasına görə cərimələrin tətbiq ediləcəyi barədə yayılan məlumatlar əsassızdır.
Agentlik bildirir ki, gələcək tənzimləmənin əsas məqsədi ev təsərrüfatlarında hazırlanan məhsulların bazara çıxışını məhdudlaşdırmaq deyil, əksinə, bu sahədə fəaliyyət göstərən şəxslər üçün hüquqi və təhlükəsiz bazara çıxış imkanları yaratmaq, məhsulların təhlükəsizliyini təmin etmək və istehlakçıların sağlamlığını qorumaqdır.
AQTA cəmiyyətə yayılan məlumatların rəsmi mənbələrdən dəqiqləşdirilməsinin vacibliyini diqqətə çatdırır.
Subyekt.az