Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 4-cü ili tamam olur.
İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanata əsasən Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verildi. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı.
Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Onların hamısı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biri olduğu məlum olmuşdur.
Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı müəyyənləşdirilmişdir ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişdi. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdular.
Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bərpa işləri aparılmaqdadır və Ağdam yenidən ölkəmizin ən abad və gözəl bölgələrindən birinə çevriləcəyinə şübhə yoxdur.
Artıq Ağdam öz sahiblərinə qovuşub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
#MilliMəclis #CeyhunMəmmədov #YAP #YeniAzərbaycanPartiyası #120saylıseçkidairəsi #Cəbrayıl #Qubadlı #Ağdam #ŞərqiZəngəzur #Qarabağ #20Noyabr
Subyekt.az