![]()
Şuşa-Laçın yolunun 6-cı kilometrliyi, sağ tərəfdə Qaladərəsi, sol tərəfdə isə Yeğsahoğ kəndlərinin tuşundakı körpünün yanı — Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın şəhid olduğu yerdir. Dəfələrlə bu yolu getsəm də, imkan olmurdu ki, burada dayanım. Bu gün “mütləq buranı görməliyəm” deyərək yola çıxdım.
Kədərli bir yerdir.
İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri idi. Bura gəlməzdən öncə hadisə barədə mətbuatda yazıları çıxmış ekspertlər və hərbçilərlə telefon əlaqəsi saxladım. İstəyirdim ki, şəhid Salatın Əsgərovanın ölümü barədə təsəvvür yarada bilim. Burada olanda hadisənin necə baş verməsini analiz edim ki, yazı hazırlayan zaman o anlar kino lenti kimi gözüm önündə canlansın.
Yazılan və deyilənlər əsasında məlum olur ki, Salatın xanımın və hərbçilərin olduğu UAZ markalı avtomobil çox yaxın məsafədən, şəkildə görünən yerin kənarındakı meşəlik və qaya parçalarının arxasından gülləbarana məruz qalıb.
Ətrafda hər yerə baxdım, gördüm və analiz apardım. Açıq bir yerdir, demək olar. Ermənilərin orada pusqu qurması mümkün idi, lakin onu müəyyən edə bilərdi o dövrdə regionda olan sovet ordusunun kəşfiyyatı və hərbçiləri. Tam təsəvvür yaranır ki, ermənilər hər cür sərbəst hərəkət imkanına malik idilər və bu terroru hazırlaya bilmişdilər.
Görünən o idi ki, hərbçilər və jurnalistin səfəri öncəsi ərazidə kəşfiyyat aparılmamış, döngələr və strateji yüksəkliklər nəzarətə götürülməmişdi. 1990-cı illərin əvvəllərində SSRİ Daxili Qoşunları və Xüsusi Təyinatlı Milis Dəstəsi regionda komendant saatı tətbiq etsə də, bu ərazi sanki bilərəkdən boş buraxılmışdı.
Batalyon komandiri podpolkovnik Oleq Larionov, qərargah rəisi mayor İqor İvanov və sürücü serjant İvan Göyekinin də bilərəkdən ölümə göndərilməsində, böyük ehtimalla, regionda olan sovet hərbi və siyasi rəhbərliyinin məlumatı olub.
Qeyd edim ki, podpolkovnik Oleq Larionov yerli əhalini qoruduğuna və separatçılara qarşı sərt tədbirlər gördüyünə görə onların “qara siyahı”sında olmuşdu.
Salatın Əsgərova maşının arxa oturacağında idi və terrorçular maşına yaxınlaşaraq ona yaxın məsafədən baş nahiyəsindən atəş açaraq qətlə yetirdilər. Onu qorumaq istəyən hərbçilər də qətlə yetirildilər.
İstintaq və ekspertiza sənədlərinə görə, UAZ markalı avtomobilə 100-dən çox güllə dəymişdi.
Mediada yazılan köhnə məlumatlardan aydın olur ki, terrorçular Arno Mkrtçyan, Qraçik Petrosyan, Arkadi Avakyan və başqaları hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və məhkəmə hökmü ilə cəzalandırılmışdılar.
Lakin sonradan onlar Ermənistana təhvil verilərək azadlığa buraxılmışlar. Səbəbini bilmirəm. Hansısa siyasi səbəb ola bilərdi. Ermənistana qaytarıldıqdan dərhal sonra isə onlar orada “qəhrəman” kimi qarşılandı və azadlığa buraxıldılar.
Məlumat üçün bildirim ki, Salatın Əsgərova 20 Yanvar faciəsindən sonra Şəhidlər Xiyabanında dəfn edilən ilk müharibə qurbanlarından və ilk qadınlardan biri idi.
Allah rəhmət eləsin…
Prof. Dr. Zaur Aliyev
Subyekt.az