![]()
Orta əsrlərin qılınc, qalxan dövründən fərqli olaraq, müasir nüvə silahlarının təhdid kölgəsi altında, mürəkkəb geosiyasi coğrafiyada, hələ də səlibçilik nostalgiyasından tam xilas olmamış hegemon supergüclərin diş qıcadığı bir meydanda Qarabağı xilas etmək Əfi ilanın ağzından ləl götürməkdən daha çətin idi. Artıq bunu mümkünsüz sayıb ümidini üzənlər vardı. Lakin dahi və müdrik sərkərdə, mahir strateq hərbi-siyasi dühasını nümayiş etdirərək dünyanın 8-ci möcüzəsini yaratdı. Qarabağı xilas və azad etdi. Hərb meydanındakı qələbə ilə kifayətlənmədi, diplomatiya, siyasət meydanında da usanmaz mübarizə aparıb qalib gəldi. Bununla da kifayətlənmədi, düşməni sülh diləməyə və dilənməyə məcbur vəziyyətə saldı. Yenə kifayətlənmədi, bir daha mənfur işğal planları qura bilməsin deyə düşməni Konstitusiyasını (bir növ dövlət ideologiyasını) dəyişməyə vadar etdi. Qələbəni əldə saxlamaq, bir daha itirilməməsini təmin etmək onu qazanmaqdan daha çətindir. Məhz bu çətin prosesi də uğurla başa vuran Prezident İlham Əliyev oldu…
Dünün mübahisəli tarixini qabardıb bu günün mübahisəsiz tarixi-reallığını niyə kölgədə qoyuruq? Bu günün Azərbaycanını Ümummilli Lider Heydər Əliyev bölücü-separatçılardan xilas edib qorumadımı? Cənab İlham Əliyev əldən getmiş torpaqlarımızı qaytarıb ərazi bütövlüyümüzü təmin etmədimi? Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyəti dövründən rəsmiləşən dövlətimizi həmin dayaqlar üzərində yenidən bina edib möhkəmlətmədimi?
Tarixi heç kəs silə, dəyişə, təhrif edə bilməz. Sadəcə, tarixə, tarixi şəxsiyyətlərə baxış, yanaşmalar fərqli rakurslardan ola bilər. Odur ki, keçmiş bizə yalnız örnək, nümunə, dərs çıxarmaq üçün gərəkdir, mübahisə yaratmaq üçün deyil. Amma bu günü qiymətləndirmək, dəyərləndirmək daha vacibdir.
Heç bir tarixi qəhrəmanı, şəxsiyyəti bu günümüzün liderləri ilə üz-üzə qoymaq, müqayisələndirmək niyyətim də yoxdur. Çünki hər dövrün öz şəraiti, tələbləri var. Bircə onu demək lazımdır ki, müasir dövrdə dövləti qorumaq, işğal edilmiş ərazilərini azad etmək o dövrdən qat-qat mürəkkəb məsələdir. Sağdan, soldan, aşağıdan, yuxarıdan diş qıcayanların, “okeanlar hökmdarları”nın təsir və təzyiqlərini bərtərəf edib, çox çətin və mürəkkəb şəraitdə ordunu son dərəcə gücləndirib ildırım sürəti ilə bütün sədləri sındırıb əjdahaların ağzından cəvahir Qarabağı xilas etmək indiki dövr üçün dünyanın 8-ci möcüzəsidir. Bu möcüzəni də gerçəkləşdirməyi Uca Yaradan cənab İlham Əliyevin liderliyi, sərkərdəliyi dövründə bizə bəxş edib. Sərkərdənin Allah tərəfindən qorunması, şanslı olması da əsas şərtdir. Vaxtilə İran ilə İraq 8 il savaşdı, milyonlarla insan həlak oldu, lakin heç nəyə nail ola bilmədilər. Əfqanıstan-Pakistan arasında, Hindistan-Pakistan və bu kimi bir sıra ölkələr arasında hələ də davam edən torpaq münaqişələri var ki, uzun illərdir problem olaraq qalır. Lakin Azərbaycan Prezidentinə Allahın bəxş etdiyi sərkərdəlik taleyi və liderlik xüsusiyyətləri, onun öz bacarığı, qabiliyyəti, fitri istedadı, cəsarəti ilə birləşərək tarixdə dönüş yaratmağa imkan verdi. Hamı öz anladığı kimi tarix yaza bilər, amma hər kəs tarix yarada, yaxud onun məcrasını dəyişə bilməz. Prezident İlham Əliyev hər mənada yeni tarix yaratdı, yazdı və onu şanlı bir salnamə kimi gələcək nəsillərə fəxarət mənbəyi qoydu.
Dini mətnlərə görə, nemətə şükür etmək və onu öz vaxtında qiymətləndirmək, dəyərləndirmək hər kəsin vicdan borcudur…
Subyekt.az