![]()
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu birgə fəaliyyətə və daha sıx əməkdaşlığa olan ümumi sadiqliq tərəfdaşlığımızı əks etdirir. Əminəm ki, bugünkü müzakirələr daha qarşılıqlı inteqrasiya olunmuş və dayanıqlı maliyyə sisteminin formalaşdırılmasına kömək edəcək.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması” mövzusunda panel sessiyada deyib.
T.Kazimov bildirib ki, Mərkəzi Bank olaraq mandatımız qiymət və maliyyə sabitliyini təmin etməkdir: “Biz qlobal qeyri-müəyyənliyin müvəqqəti bazar şəraitindən beynəlxalq iqtisadi mənzərənin daimi xüsusiyyətinə çevrildiyi bir dövrdə yaşayırıq. Geopolitik gərginliklər, ticarətin fraqmentasiyası, xammal bazarlarındakı dəyişkənlik və iqlim riskləri həm inkişaf edib, həm də inkişafmaqda olan iqtisadiyyatlarda həssaslığı artırıb. Mərkəzi banklar üçün bu o deməkdir ki, ənənəvi makroiqtisadi yanaşmalar artıq kifayət etmir. Biz hər zamankından daha çevik olmalı və qərarlarımızı dəqiq məlumatlar əsasında verməliyik”.
Mərkəzi Bankın sədri əlavə edib ki, dayanıqlı maliyyə də Azərbaycanın investisiya ehtiyaclarını ekoloji və sosial məsuliyyətli investisiyalara olan qlobal tələbatla birləşdirmək üçün yeni imkanlar açır. Yaşıl istiqrazlar, dayanıqlılıqla bağlı maliyyə alətləri və digər innovativ məhsullar kapitalın uzunmüddətli iqtisadi və ekoloji faydaları olan layihələrə yönəldilməsinə kömək edə bilər. Bu şaxələndirmə maliyyə axınlarının dayanıqlığını artıra və maliyyə sisteminin iqtisadi dövrün müxtəlif mərhələlərində investisiyaları dəstəkləmək qabiliyyətini yaxşılaşdıra bilər.
Subyekt.az