![]()
Kəlbəcər… Dağların qoynunda min bir neməti ilə illərlə düşmən tapdağında qalan, indi isə dirçəliş dövrünü yaşayan bir diyar. 27 il göz bəbəyimiz kimi həsrətini çəkdiyimiz torpaqlarımıza qayıtmışıq. Məqsədimiz bu yerləri abad etmək, həyat vermək, dağların nəfəsini, meşələrin səslərini geri qaytarmaq olmalı ikən, görünən odur ki, bəziləri bu müqəddəs niyyəti unutmaqda, Kəlbəcərin təbiətinə düşməndən də betər zərbə vurmaqda davam edir.
Beş ildir ki, Kəlbəcər rayonu və ətraf kəndlərimiz azaddır. Hər il insanlar, təsərrüfat sahibləri, çobanlar yaylaqlara üz tuturlar. Təəssüf ki, bu gedişlər çox vaxt “abadlıq” yox, ekoloji fəlakətin yeni mərhələsinə çevrilir.
Subyekt.az-a daxil olan məlumat və video müraciətdə Kəlbəcər rayonunun Abdullauşağı İcra ərazi nümayəndəliyinə daxil olan Mozqaraçanlı kəndi ilə bağlı ciddi narazılıq bildirilir. Oxucumuzun çəkilişlərində kənd ərazisində motorlu mişarlarla iri gövdəli meyvə və meşə ağaclarının doğranaraq kəsildiyi əks olunub. Bu ağacların çoxu qoz, alma və söyüd ağaclarıdır – yəni həmin kəndin illərlə yadigar qalmış “yaşıl yaddaşı”.
İddiaya görə, təsərrüfat aparan bəzi şəxslər bu ağacları qəsdən kəsərək növbəti il odun kimi istifadə üçün saxlayırlar. Halbuki Kəlbəcərin meşəliklərində kifayət qədər quru ağac var. Nə üçün quru ağac əvəzinə meyvə ağacları doğranır? Nə üçün yurdun yaşıllığına belə vəhşicəsinə qənim kəsilirlər? Bu suallar cavabsızdır. Amma susmaq olmaz!
Kəlbəcərin hər budağı, hər kökü şəhid qanı ilə sulanmış bu torpağın bir parçasıdır. Düşmən 27 il ərzində meşələrimizi yandırdı, bağlarımızı məhv etdi. İndi biz öz əlimizlə o qalan az nişanələri, o yaşıl yaddaşı məhv ediriksə, o zaman bizimlə düşmənin fərqi nədir?
Bir ağacın böyüməsi, bar verməsi illər tələb edir. O ağaclar bir vaxtlar kənd sakinlərinin əlləri ilə əkilib, bu gün onların çoxu həyatda deyil. Amma o ağaclar onların xatirəsini yaşadır. O ağacların kölgəsində bəlkə də onların övladları, nəvələri təskinlik tapır. İndi isə kimlərsə bu ağacları motor mişarına yem edir.
Subyekt.az olaraq aidiyyəti qurumlara çağırış edirik:
İşğaldan azad edilmiş ərazilərə gedən hər bir təsərrüfat sahibi üçün yalnız mina təhlükəsizliyi deyil, təbiətin mühafizəsi üzrə xüsusi təlimlər keçirilməlidir.
Hər kəsdən yazılı iltizam alınmalıdır ki, meşə və meyvə ağaclarına qəsd etməyəcək.
Ərazidə ekoloji nəzarət və cəza mexanizmləri gücləndirilməlidir.
Əgər bu məsuliyyətsizlik davam etsə, yaxın illərdə Kəlbəcərin təbiətinə düşmən işğalından da ağır zərər vurulacaq.
Biz torpaqlarımızı azad etdik ki, yaşadaq – yandırmaq, doğramaq, məhv etmək üçün yox!
Kəlbəcərin təbiətinə qənim kəsilənlər unutmamalıdır: Ağac kəsənin vicdanı da quruyar!
Rövşən Hüseynli,
Kəlbəcər
Subyekt.az