![]()
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə
Kəlbəcər rayonunun Abdullauşağı kənd sakinləri tərəfindən
MÜRACİƏT
Müzəffər Ali Baş Komandan! Möhtərəm cənab İlham Əliyev!
Kəlbəcər rayonunun Abdullauşağı kənd sakinləri olaraq doğma kəndimizin qədim tarixinə, onun yaxın gələcəkdəki taleyinə və hər birimizin həmin torpaq üzərində Konstitusiya ilə təmin edilmiş hüquqlarına qarşı yönəlmiş narahatedici hallarla bağlı Sizə müraciət edirik.
İlk növbədə, torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdiyiniz tarixi xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə və bütün döyüşçülərimizə möhkəm can sağlığı arzulayırıq. Əminliklə bildiririk ki, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsi naminə hər zaman Sizi dəstəkləmişik və bundan sonra da bu mövqeyimiz dəyişməyəcək.
Möhtərəm cənab Prezident!
Sizə müraciət etməyimizin əsas səbəbi ulu babalarımızın, ata-babalarımızın və bizim doğulub boya-başa çatdığımız Abdullauşağı kəndinin gələcəyinin sual altına düşməsidir.
Belə ki, hər birimizin həmin kənd üzərində qanunla müəyyən edilmiş hüquqları olduğu halda, kənd sakinlərinin xəbəri, razılığı və mövqeyi nəzərə alınmadan qeyri-rəsmi qərarlar qəbul edilir. Bu isə həm bizi, həm də övladlarımızı rəsmi qeydiyyatda olduqları kənddə yaşamaq, məskunlaşmaq və doğma yurdumuzu qorumaq hüququndan məhrum etmək təhlükəsi yaradır.
Hesab edirik ki, bu cür yanaşmalar işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış prosesini təşviq etmək əvəzinə, dolayısı ilə ona maneələr yaradır. Təəssüf ki, artıq belə halların müşahidə olunduğunu düşünürük.
Diqqətinizə çatdırmaq istəyirik ki, Abdullauşağı kəndində heç vaxt yaşamamış və həmin kəndin sakini olmayan, SOCAR-da çalışdığı bildirilən İsmayılov Misir Mühiddin oğlu, onun qohumu Anar (Şəki şəhərində fəaliyyət göstərən bank filiallarından birinin müdiri olduğu bildirilir) və onların himayədarlarının kəndimizin ərazisində, vaxtilə bütün sakinlərin ümumi istifadəsində olmuş torpaq sahəsində qanunsuz şəkildə istirahət kompleksi yaratdıqları iddia olunur.
Bildirildiyinə görə, həmin ərazidə 11 kotec tipli tikili inşa edilərkən zəngin bitki örtüyünə ziyan vurulub, sağlam ətraf mühitdə yaşamaq hüququmuzun pozulduğu, kəndin mülkiyyət hüquqlarına müdaxilə edildiyi və əxlaqi dəyərlərin qorunmasının təhlükə altına düşdüyü qənaəti formalaşıb.
Maraqlıdır ki, həmin şəxslər bu fəaliyyətlərini müxtəlif siyasi dairələr və yüksək vəzifəli şəxslərlə əlaqələndirməyə çalışırlar. Bununla belə, biz kənd sakinləri olaraq belə iddiaların həqiqiliyinə inanmırıq və hesab edirik ki, məsələyə hüquqi qiymət verilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət tərəfindən mülkiyyət və vərəsəlik hüququnun təmin olunduğu açıq şəkildə təsbit edilib. Biz də hesab edirik ki, həmin hüquqların Abdullauşağı kənd sakinlərinə münasibətdə tam şəkildə qorunması təmin edilməlidir.
Diqqətinizə çatdırmaq istəyirik ki, bəzi yüksək vəzifəli şəxslərə arxalandıqlarını iddia edən işbazlar müxtəlif yollarla kənd sakinlərinə təzyiq göstərməyə çalışırlar ki, biz haqlı tələblərimizdən, doğma kəndimizi qorumaq və ata-baba yurdumuza qayıtmaq istəyimizdən imtina edək.
Halbuki Abdullauşağı kəndi təxminən 1500 illik tarixi olan qədim yaşayış məskənidir. Biz 30 il ərzində böyük həsrət, çətinlik və məhrumiyyətlər içində yaşayaraq bu günü gözləmişik. Bir çox ailələrimiz doğma yurd həsrəti ilə sağlamlığını itirib, ağır məcburi köçkünlük həyatı yaşayıb, övladlarını bu həsrət hissi ilə böyüdüb.
Təəssüf ki, bu gün kəndimizə qayıdışın qarşısında süni maneələrin yaradıldığı qənaətindəyik. Bizim fikrimizcə, dövlətimizin qorunması və torpaqlarımızın azad olunması uğrunda heç bir xidmət göstərməyən, yalnız şəxsi maddi maraqlarını düşünən bəzi imkanlı şəxslərin kəndimizin münbit torpaqlarında kommersiya məqsədli fəaliyyət göstərməsi naminə doğma yurdumuzdan növbəti dəfə uzaqlaşdırılmağımız nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır.
Möhtərəm cənab Prezident!
Biz dövlətimizə dəstək məqsədilə kəndimizdə inşa ediləcək fərdi yaşayış evlərini dövlət tərəfindən təsdiq olunacaq layihələrə uyğun şəkildə öz vəsaitimiz hesabına tikməyə də hazırıq.
Əsas istəyimiz odur ki, müxtəlif vasitələrlə bizi başqa yaşayış məntəqələrinə, o cümlədən Ağdərə rayonunun kəndlərinə istiqamətləndirməyə çalışmasınlar. Biz yalnız öz doğma kəndimiz olan Abdullauşağıya qayıtmaq, ata-baba yurdumuzda yaşamaq və həmin torpaqların yenidən dirçəldilməsində iştirak etmək istəyirik.
İnanırıq ki, bu müraciətimiz şəxsən Sizə çatdırılacaq və səsləndirdiyimiz narahatlıqlar obyektiv şəkildə araşdırılacaq.
Bizdə belə bir təəssürat yaranır ki, müəyyən maraqlı qruplar Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesinə kölgə salmağa çalışır, bölgədə yaranmış real vəziyyət barədə dövlət rəhbərliyinə həqiqəti tam əks etdirməyən məlumatlar təqdim edirlər.
Bu baxımdan Sizdən xahiş edirik ki, aidiyyəti dövlət qurumlarına və vəzifəli şəxslərə yerli sakinlərin mövqeyini öyrənmək, onların fikirlərini dinləmək və qəbul ediləcək qərarlarda nəzərə almaq barədə müvafiq tapşırıqlar verəsiniz.
Hesab edirik ki, Kəlbəcərin və onun kəndlərinin gələcək taleyi ayrı-ayrı şəxslərin subyektiv istəkləri əsasında deyil, dövlət maraqları, qanunvericiliyin tələbləri və yerli əhalinin qanuni hüquqları nəzərə alınmaqla müəyyən edilməlidir.
Möhtərəm cənab Prezident!
Bütün seçkilərdə yekdilliklə Sizə səs vermiş, bu günədək heç bir müxalif siyasi partiyanın üzvü olmamış Abdullauşağı kənd sakinləri olaraq Sizdən dönə-dönə xahiş edirik ki, aidiyyəti qurumlar tərəfindən təqdim oluna biləcək əsassız və ya həqiqəti tam əks etdirməyən məlumatlara etibar edilməsin.
Biz hesab edirik ki, bəzi şəxslər öz qanunsuz hərəkətlərini gizlətmək məqsədilə kənd sakinləri haqqında yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Halbuki biz dövlətimizi ürəkdən sevən, onun milli maraqlarını hər zaman üstün tutan, dövlətçiliyə sadiq insanlar olmuşuq və bundan sonra da belə qalacağıq.
Əminliklə bildiririk ki, heç bir vəzifəli şəxsin özbaşına davranışı, heç bir təxribat xarakterli cəhd və ya şəxsi maraqlara xidmət edən fəaliyyət bizi dövlətimizə, dövlətçiliyimizə və Azərbaycan Respublikasının milli maraqlarına sadiqliyimizdən döndərə bilməz.
Möhtərəm cənab Prezident!
Sizə ən böyük istəyimiz və xahişimiz ondan ibarətdir ki, Abdullauşağı kəndinin öz tarixi ərazisində yenidən salınması, kənd sakinlərinin doğma yurdlarına qayıdışının təmin olunması, eləcə də kənd ərazisində qanunsuz inşa edildiyi iddia olunan istirahət kompleksinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göstəriş verəsiniz.
Biz kəndimizin tarixdən silinməsini deyil, onun tarixi irsinin qorunmasını, doğma yurdumuzun yenidən dirçəldilməsini və gələcək nəsillərə ötürülməsini istəyirik.
İnanırıq ki, səsimiz eşidiləcək, müraciətimiz obyektiv araşdırılacaq və qanunun aliliyi, sosial ədalət prinsipləri əsasında müvafiq qərarlar qəbul ediləcək.
Öncədən göstəriləcək diqqətə və həssas münasibətə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycan milli yaddaşımızın ayrılmaz hissəsidir.
Kəlbəcərin bütün torpaqları, o cümlədən Abdullauşağı kəndi, bizim tariximiz, milli kimliyimiz və mənəvi yaddaşımızın ayrılmaz parçasıdır.
Ps. Kəlbəcər rayonu Abdullauşağı kənd sakinlərinin redaksiyamıza ünvanladıqları müraciətin hərtərəfli və obyektiv araşdırılması məqsədilə onların imza vərəqələri təqdim olunan materiala əlavə edilir.
Məsələnin bütün tərəflərinin mövqeyinin işıqlandırılması jurnalistikanın obyektivlik prinsiplərinə uyğun olaraq təmin ediləcək. Bununla əlaqədar aidiyyəti dövlət qurumlarının, eləcə də qarşı tərəfin mövqeyini dərc etməyə və işıqlandırmağa hazır olduğumuzu bildiririk.









#PrezidentİlhamƏliyev #BöyükQayıdış
#Kəlbəcər #Abdullauşağı
Subyekt.az