![]()
Kəlbəcər rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Təbiət mənzərələri” adlı fotomüsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Fotomüsabiqə 10–14 avqust tarixlərində təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd Kəlbəcərin zəngin təbiətinin, özünəməxsus landşaftının və füsunkar mənzərələrinin foto sənəti vasitəsilə təbliği, gənclərin yaradıcılıq potensialının dəstəklənməsi və onların ictimai-mədəni təşəbbüslərdə fəal iştirakının təşviq edilməsi olub.
Avqustun 18-də Kəlbəcər rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov müsabiqədə fərqlənən iştirakçılarla görüşüb. Görüş zamanı qalibləri təbrik edən sektor müdiri onların yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və bu cür təşəbbüslərin gənclərin istedad və bacarıqlarının üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayıb.
Müsabiqənin nəticələrinə əsasən, Orxan Fərzəliyev birinci, Təhminə Baxışzadə ikinci, Fuad Şahmuradlı isə üçüncü yerə layiq görülüb.
Qaliblər Regional İdarənin diplomları ilə təltif olunublar.
Qeyd edək ki, “Təbiət mənzərələri” fotomüsabiqəsi Kəlbəcərin təbii sərvətlərinin və mənzərə zənginliyinin gənclərin yaradıcılıq baxışları ilə təqdim olunmasına, eyni zamanda regionun turizm və mədəni potensialının təbliğinə xidmət edən təşəbbüslərdən biridir.






Kəlbəcər
Subyekt.az