![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, qazi Teymuraz Mansurovu 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:
“Hörmətli Teymuraz müəllim!

Sizi – Vətənə sədaqətinizi həm döyüş meydanlarında, həm də ictimai fəaliyyətdə sübut etmiş ləyaqətli vətəndaşımızı 50 illik əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Ulu Göyçədən başlayan ömür yolunuz, özəlliklə də I Qarabağ müharibəsinin ən ağır mərhələlərində, o cümlədən Ağdam və Ağdərə istiqamətində göstərdiyiniz igidlik, öncəbhədə iki dəfə ağır yaralanmağınıza baxmayaraq, sonrakı illərdə cəmiyyətə, əsgərə və silahdaşlarınıza olan bağlılığınız gənclərimiz üçün bir örnəkdir.
Siz həm döyüşçü, həm də ictimai fəal vətəndaş kimi məsuliyyət, intizam və fədakarlıq örnəyi göstərmisiniz. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinə başçılıq etdiyiniz illərdə vətənpərvərliyin təbliği, qazilərin hüquqlarının müdafiəsi, şəhid ailələrinə diqqət-qayğı gösgərilməsi və gənclərin milli ruhda tərbiyəsi istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir.
Sizin hərbi və ictimai fəaliyyət meydanındakı xidmətləriniz müxtəlif medallarla, fəxri fərman və diplomlarla təltif olunub. Eləcə də, 44 günlük Vətən müharibəsi dönəmində nümayiş etdirdiyiniz əzm və ruh yüksəkliyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda mübarizəyə töhfə vermək iradənizin bariz ifadəsidir.
Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, döyüş yoldaşlarınızla birlikdə Azərbaycanımıza xidmət yolunda yeni uğurlar arzulayıram”!
Subyekt.az