![]()
Azərbaycanın zəngin təbii sərvətləri sırasında xüsusi yeri olan Kəlbəcər “İstisu” mineral suyu artıq bir ildir ki, yenidən istehsal olunur. Bu müddət ərzində qədim tarixə və möcüzəvi şəfa gücünə malik “İstisu” yalnız ölkə daxilində deyil, həm də beynəlxalq bazarlarda özünə möhkəm yer qazanmağa başlayıb.
Uzun illər Ermənistanın işğalı altında qalan Kəlbəcərin azad olunması ilə bölgənin təbii sərvətlərindən səmərəli istifadə imkanları bərpa olundu. Əsrlər boyu həm yerli əhalinin, həm də dünyanın müxtəlif yerlərindən gələn insanların sağlamlıq mənbəyi olmuş “İstisu” məhz bu dirçəlişin simvoluna çevrildi.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cəmi bir il əvvəl istifadəyə verilən İstisu Mineral Su Zavodu ən müasir texnologiyalar əsasında qurulub. Qısa müddətdə müəssisə keyfiyyətli istehsalı ilə seçilərək həm daxili bazarda tanındı, həm də ixrac imkanlarını genişləndirdi.

Bu gün artıq “İstisu” mineral suyu bir sıra xarici ölkələrdə satılır. Təbii tərkibi, mineral zənginliyi və şəfa gücü ilə fərqlənən bu brend xarici bazarlarda da böyük maraq doğurur. Beləliklə, Azərbaycan yalnız iqtisadi gəlir əldə etmir, həm də öz təbii sərvətlərini dünyada tanıdır, milli brendini möhkəmləndirir.

“İstisu” yalnız bir mineral su deyil. O, həm də torpaqlarımızın azadlığının, dirçəlişinin və iqtisadi inkişafının rəmzidir. İşğaldan sonra qısa müddətdə bərpa edilən istehsal müəssisəsi göstərir ki, Azərbaycan dövləti azad olunmuş torpaqların sürətli inkişafını təmin etməkdə qətiyyətlidir.

Bir il ərzində əldə olunan uğurlar göstərir ki, yaxın illərdə “İstisu” daha geniş coğrafiyada tanınacaq. Bununla həm ölkəmizin ixrac potensialı artacaq, həm də Azərbaycan brendi dünya bazarında layiqli yerini tutacaq.

Subyekt.az olaraq zavodun bütün kollektivini ürəkdən təbrik edir, yeni uğurlar, davamlı inkişaf və geniş ixrac imkanları arzulayırıq.
#Kəlbəcər #İstisu #TəbiiMöcüzə
Subyekt.az