![]()
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan Kəlbəcər sakinləri 24 aprel 2026-cı il tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Kəlbəcərə səfərini böyük səbirsizliklə gözləyirlər. Bu səfər həm Kəlbəcər, həm də kəlbəcərlilər üçün xüsusi əhəmiyyət daşıyır.
Nazirin bölgədə vətəndaş qəbulu keçirməsi yerli sakinlərdə ciddi ümidlər yaradıb. Onlar hesab edirlər ki, dövlət rəsmilərinin birbaşa bölgədə problemlərlə tanış olması və müraciətləri yerində dinləməsi mövcud çətinliklərin həllinə mühüm töhfə verə bilər.
Hazırda sakinləri ən çox narahat edən məsələlərin başında məşğulluq problemi gəlir. Doğma yurda qayıdan insanların bir çoxu əvvəlki iş yerlərini itirdikləri üçün Kəlbəcərdə işlə təmin olunmaları həyati əhəmiyyət daşıyır. İnsanlar uzun illər həsrətində olduqları torpaqlara qayıtdıqdan sonra yenidən başqa rayonlara iş axtarmaq üçün üz tutmaq istəmirlər.
Digər aktual problem “Yolumuz Qarabağa” portalı ilə bağlıdır. Sakinlərin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə səfərlə bağlı bu portal hələ də Kəlbəcər üçün tam şəkildə əlçatan deyil. Halbuki, onların ən böyük arzularından biri doğma torpaqlara maneəsiz gediş-gəliş imkanının təmin olunmasıdır.
Bundan əlavə, yeni inşa edilən yollarda yol xəbərdarlıq nişanlarının quraşdırılması məsələsi də diqqət çəkir. Bu, həm təhlükəsizlik, həm də bölgədə nəqliyyatın düzgün təşkili baxımından vacib hesab olunur.
Qeyd edək ki, Böyük Qayıdış proqramı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və azad edilmiş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atılır. Cəmiyyətin əsas gözləntisi isə bu prosesin vaxtında və davamlı şəkildə həyata keçirilməsidir.
Sakinlər ümid edirlər ki, Rəşad Nəbiyevin Kəlbəcərə səfəri çərçivəsində səsləndirilən problemlər diqqətdə saxlanılacaq və onların həlli istiqamətində konkret addımlar atılacaq.
Ps. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 24 aprel 2026-cı il tarixində, saat 09:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində Kəlbəcər rayonunun sakinlərini qəbul edəcək.
Nazir bu rayonda göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 23 aprel 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Rövşən Hüseynli
Subyekt.az