![]()
Bu gün onun günüdür… Türk dünyasının fəxrlə adını çəkdiyi, Qarabağ döyüşlərində şərəfli və qəhrəmanlıq dolu yolu ilə yaddaşlara həkk olunan igid kəşfiyyatçı — Ülfət Kərimovun doğum günüdür.
1971-ci il fevralın 23-də Kəlbəcər rayonunda dünyaya göz açan Ülfət Kərimov hələ gənc yaşlarından Vətənə bağlılığı, cəsarəti və qətiyyəti ilə seçilirdi. Qarabağ savaşında göstərdiyi şücaət isə onun adını tarixə qızıl hərflərlə yazdı. O, döyüşlər zamanı düşmənin iki tankını, iki “PDM-2”ni, iki “AQS-17”ni, iki 120 mm-lik minaatanını ələ keçirmiş, üç tankını isə məhv etmişdi. Bu faktların özü belə onun necə peşəkar və qorxmaz kəşfiyyatçı olduğunu göstərməyə kifayətdir.
1993-cü il martın 27-də Kəlbəcərin Ağdaban kəndi istiqamətində qeyri-bərabər döyüşə girən Ülfət Kərimov bir məqsəd uğrunda savaşırdı — dinc əhalinin kəndi sağ-salamat tərk etməsi. O, öz canını sipər edərək kənd sakinlərinin xilas olmasına nail oldu. Lakin özü həmin döyüşdə şəhidlik zirvəsinə ucaldı. Verdiyi sözə son ana qədər sadiq qaldı: “Əgər eşitsəniz ki, Kəlbəcər işğal edilib, bilin ki, mən şəhid olmuşam.”
Şəhidliyindən sonra, 1993-cü il sentyabrın 13-də Ülfət Kərimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Lakin onu tanıyanların, döyüş yoldaşlarının və ziyalıların fikrincə, bu igid Vətən oğlu Azərbaycanın ən ali fəxri adlarından biri olan Milli Qəhrəman adına da layiq idi.
Vaxtilə Ulu Öndər Heydər Əliyev Quba-Qusar ziyalıları ilə görüşü zamanı professor Əli Musayevin müraciətini dinləmiş, məsələni araşdırmağı tapşırmışdı. Hətta bu barədə o dövrdə Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevə müvafiq göstəriş verilmişdi. Təəssüf ki, illər keçsə də, Ülfət Kərimovun Milli Qəhrəman adı ilə təltif olunması məsələsi rəsmi həllini tapmayıb.
Ülfətin anası, Fatma ana isə bir arzu ilə yaşayırdı: “Ülfətə Milli Qəhrəman adının verildiyini görsəm, az da olsa təskinlik taparam.” Bu, bir ananın Vətən yolunda övladını itirməsinin ağrısı ilə yanaşı, onun haqq etdiyi dəyəri görmək istəyi idi.
Bu gün artıq 5 ildir ki, Kəlbəcər azaddır. İşğaldan azad olunmuş doğma torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Hər dəfə o bayrağa baxdıqca Ülfət kimi igidlərin xatirəsi canlanır. Onun nəşi tapılmayıb, məzarı yoxdur. Amma belə qəhrəmanların məzarı torpaq altında deyil — xalqın qəlbindədir.
Ülfət Kərimov təkcə bir döyüşçü deyildi. O, qeyrət, cəsarət, vətənpərvərlik simvolu idi. Döyüşə sanki bayrama gedirmiş kimi yollanan, düşmən səngərinə atılaraq qeyri-adi igidlik nümunələri göstərən bir əfsanə idi.
Bu gün Azərbaycanın, Kəlbəcərin qəhrəman oğlu qarşısında baş əyirik. Ümid edirik ki, haqq öz yerini tapacaq, Ülfət Kərimovun adı rəsmi şəkildə də Milli Qəhrəmanlar sırasında yer alacaq və doğma Kəlbəcərdə onun abidəsi ucaldılacaq.
Ruhu şad olsun.
Azərbaycanın bütün şəhidlərinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Rövşən Hüseynli
Subyekt.az