![]()
Qəhrəmanımızla tanışlıq Cəlilabad rayonunun 2 saylı tam orta məktəbindən başladı. Vacib işim düşdüyündən yolumu cənub rayonumuz olan Cəlilabaddan salmışdım. Bildiyimə görə tələbə yoldaşlarımın işlədiyi 2 saylı məktəbə dönməyi özümə borc bildim. Məqsədimi öyrənən məktəbin dəyərli rəhbərliyi və kollektivi məni gülərüzlə və qonaqpərvərliklə qarşılayıb tələbə yoldaşlarım Məmmədov İlham, Əzizov Rəsul, Əzizov Elvin və Əliyev Niyaz müəllimlərlə görüşdürdü.
İlk tanışlıq zamanı məlum oldu ki, məktəb Vətən Müharibəsi şəhidi, Kəlbəcərin azad olunması uğrunda qəhrəmanlıq və şücaət göstərən Rəşad Abdullayevin adını daşıyır. Bu xəbərdən sonra nələr yaşadım, nə eşitdim, nə gördüm – xəyal kimi gəlir yadıma. Onu bilirəm ki, həmin məktəbin həyətində qoyulmuş şəhidimizin abidəsini ziyarət etdik. Abidə gözümün önündə illərdir xəyalımda adını yaşatdığım, qəlbimin hərarəti ilə, gözlərimin yaşı ilə cücərdib böyütdüyüm, dəniz səviyyəsindən 3260 m hündürlükdə yerləşən, məğrur, zirvəsi qarlı, mahir ovçulara ov verməyən Murov dağı kimi ucaldı. Elə oradaca sabah vüsalına həsrət qaldığım vətənim Kəlbəcər uğrunda canından keçən şəhidin ailəsi ilə görüşməyi qərara aldıq.
Göytəpəyə gedən yol məni sanki Kəlbəcərə aparırdı. Evin qabağında dalğalanan qürurverici Azərbaycan bayrağı və iri cüssəli, mehriban baxışlı kapitan Rəşad Abdullayevin xatirə lövhəsini görəndə özümü saxlaya bilməyib hönkürdüm. Bir neçə dəqiqədən sonra dostlar qapını döyüb Arif dayını səslədilər. İçəridən çıxan həlim baxışlı Arif dayı bizi həyətə dəvət etdi.
Həyətin içində cənnət guşəsi kimi güllərlə, şəkillərlə, şəhidin medal və təltifləri ilə bəzədilmiş bir otağa daxil olduq. Şəhidin valideynləri Kəlbəcərdən olduğumu bilib kövrəldilər. Son dərəcə dünyagörüşlü, təmkinli, şükürlü, hamıdan razılıqla danışan atası Arif dayı və anası Sevil xanım aramla, səbirlə, bir-birinin sözünü kəsmədən və ara-sıra göz yaşlarını gizlətməyi bacarmadan danışmağa başladılar.
Məlum oldu ki, hələ dünyaya gəlməmişdən ana yuxusunda tezliklə bu evdə bir ulduz doğulacağını görüb. Rəşad dünyaya gələndə yaxınları bu yuxunu elə “oğul parlayan ulduzdur” deyərək yozublar. Sən demə, Rəşadın taleyinə nəinki bu evdə, bütöv Azərbaycanda və cənnətdə işıq salan bir ulduz olmaq yazılmış imiş.
Məlum oldu ki, Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Göytəpə şəhərində anadan olub. Ailəsində, özü də daxil olmaqla, 4 uşaq olan Rəşad 3 bacının yeganə qardaşı idi. İlk təhsilini Göytəpə kəndində aldıqdan sonra Rəşad 9-cu sinifdə, 2003-cü ildə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə liseyi bitirən Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
2010-cu ildə ali hərbi məktəbi “motoatıcı” ixtisası üzrə bitirərək “leytenant” rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilmiş, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət etmiş, daha sonra “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur.
Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Rəşad Abdullayev “N” saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından iştirak etmişdir. Onun da rəhbərliyi ilə aparılan döyüşlərdə düşmən tərəfindən illərlə qurulan “yenilməz Ohanyan xətti” kimi tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdə böyük qəhrəmanlıq göstərirdi. Təəssüf ki, 29 sentyabr 2020-ci ildə Kəlbəcərin işğaldan azad olunması zamanı gedən ağır döyüşlərdə, Susuzluq uğrunda ölüm-dirim savaşında 32 yaşında qəhrəmancasına həlak oldu.
Gəlinindən və nəvələrindən ağız dolusu danışan Sevil anamız bildirdi ki, Rəşad Abdullayev 8 sentyabr 2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Gəlini deyirmiş ki, Rəşad bu dünyada mənim həm atam, həm qardaşım, həm də sevimli həyat yoldaşım olub. Ailəsi Bakıda yeni alınan mənzildə Rüqəyya adlı qızı və Məmmədağa adlı oğlu ilə birlikdə yaşayırlar. Heç nədən korluqları yoxdur. Dövlət başçısından və rayon rəhbərliyindən razıdırlar. Rəşadın döyüş yolunu layiqincə qiymətləndiriblər.
O, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətlərə görə” medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı, “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra) və “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunub.
Adına Qaradağ rayonunda küçə, Cəlilabad rayon 2 saylı tam orta məktəb verilmişdir. Tez-tez adını daşıyan məktəbə anım gününə və başqa tədbirlərə dəvət olunurlar. Lakin itki ağırdır. Hər gecə onun xəyalı ilə yatıb, hər səhər onun adı ilə oyanırlar…
Arif dayı bizi təkidlə evə dəvət etsə də, onsuz da oruc olduğumuzu bildirib təsəlli verib, öpüşüb ayrıldıq. Göz yaşı ilə, amma ailədən aldığım gözəl təəssüratın təsiri altında ayrılarkən Arif dayıya belə söz verdim:
— Arif dayı, sən bir oğul itirsən də, yüzlərlə oğul qazandın. Əgər ömür vəfasız olmayıb məni həsrətində olduğum vətənimə qovuşdursa, ilk qonağım siz olacaqsınız.

Adil Həmid
şair-publisist
Subyekt.az