![]()
KƏLBƏCƏR — Kəlbəcər rayonunun Zar kəndində həyata keçirilən tikinti işlərinin gedişinə növbəti dəfə yerində baxış keçirilib.
Baxışda Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Səfər çərçivəsində kənddə icra olunan tikinti və infrastruktur layihələrinin mövcud vəziyyəti qiymətləndirilib, görülmüş işlər, icra qrafiki və qarşıdakı mərhələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüş zamanı layihələrin müəyyən edilmiş vaxt qrafikinə uyğun və yüksək keyfiyyət standartları əsasında icra olunmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili məqsədilə əsas prioritetlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa proqramı çərçivəsində Zar kəndində də müasir yaşayış və mühəndis infrastrukturunun formalaşdırılması istiqamətində işlər planlı şəkildə davam etdirilir.



#Kəlbəcər #Zar #Azərbaycan #Qarabağ #Yenidənqurma #BöyükQayıdış
Subyekt.az