![]()
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Ədalət İsmayıl oğlunun anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Anım mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər Ədalət Zeynalovun həyat yolundan, xidmətindən və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.
Bildirilib ki, yaxınlarının və dostlarının “Sarı” deyə çağırdığı Ədalət hələ gənc yaşlarından Vətənə bağlılığı, mərdliyi və insani keyfiyyətləri ilə seçilirdi. Polis orqanlarında xidmət edən Ədalət formasını böyük qürurla daşıyır, məsuliyyətini dərindən dərk edirdi. Onun üçün xidmət sadəcə peşə deyil, vətəndaşlıq borcu idi.
Çıxışlarda vurğulanıb ki, müharibənin ağır və taleyüklü günlərində Ədalət tərəddüd etmədən ön cəbhəyə yollanıb. O, Vətənin müdafiəsini hər şeydən üstün tutaraq döyüşlərdə qəhrəmancasına şəhid olub. Qeyd edilib ki, onun qısa, lakin şərəfli ömrü gənc nəsil üçün örnəkdir.
Şəhidin anası və atası ilə bağlı səsləndirilən xatirələr tədbir iştirakçılarını kövrəldib. Valideynlərinin övlad həsrəti, lakin eyni zamanda övladları ilə qürur duymaları xüsusi vurğulanıb. Bildirilib ki, Ədalət artıq təkcə bir ailənin deyil, bütöv bir xalqın övladıdır.
Tədbir çərçivəsində şəhidin həyat və döyüş yolunu əks etdirən fotoşəkillər nümayiş olunub, məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda qeyd olunub ki, Ədalət Zeynalovun xatirəsi hər zaman ehtiramla anılacaq, onun adı Kəlbəcər tarixində şərəf və qəhrəmanlıq simvolu kimi yaşayacaq.
Vətən uğrunda canından keçənlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır.




















#Kəlbəcər #ŞəhidlərÖlməz #ƏdalətZeynalov
Subyekt.az