![]()
Şəhid Zəhra balamızın xatirəsinə və doğum gününə…
ELEGİYA
İnformativ təxribatların qısa müddətdə belə böyük vüsət alacağını proqnozlaşdırmaq sırf peşəkarlıq baxımından məntiqin ən toxta səslə diqtə etdiyi ən təhlükəli məqamlardandır.
Ucqarlaradək çırpılan dalğalar informasiya məkanında yaşanan ciddi boşluqları rahatlıqla “yarıb” keçir; bəlkə də gözə kül üfürmək xətrinə dikələn xırda-para maneələr isə hətta ən zəif müqaviməti müəyyənləşdirmək gücündə deyil.
Soyuq müharibə cəbhəsindəki kontrlar dayanıqlı təzyiqlərə tab gətirmir, əfəndilər, hər toqquşmada deformasiyaya uğrayır. Bununla da oxunanların qırmızı rənglə yazıldığına ciddi eyham vurur: deyəsən, ölkə yavaş-yavaş öz içinə çəkilir, öz üstünə yeriyir!
Əsl həqiqət reallığın gizli metropoliyasında, qaranlıq hücrələrdədir: o hücrələrin yolunu tapmaq ayaq basdığımız pilləkanların nə vaxtsa bitəcəyini anlamağımız üçündür!
Dünən Bakıda əl-qolunu ölçə-ölçə erməniləri həvəslə söyən adam bu gün İrəvandan bizi eyni ehtirasla lənətləyir!
Bəlli həqiqətdir, çağdaş informasiya məkanımız öz simasını qorumaqda açıq-aşkar çətinlik çəkir! Bu dövlətin, bu xalqın yükünü necə çəkəcək?!
Güzəran jurnalistikamız öz arvadlarından rəsmən boşanan, öz balalarını rəsmən anasız qoyan qələm əhli ilə gündəmdədir, mənzil ehtirası ilə çalxalanır…
Dövlətin və xalqın informasiya təhlükəsizliyi üçün nəzərdə tutulmuş saysız-hesabsız qrantlar əksər layihə rəhbərlərindən ötrü sadəcə maliyyə mənbəyidir.
İnformasiya məkanımızın rəngi-ruhu bomboz bozarıb.
Bakının ən sallaqxana çayxanalarında eyni sözləri eşitmək üçün jurnalist olmağa ehtiyac duyulmur: “Qrant alan kimi borcumu qaytaracağam!”
Söhbətin xarakteri bu çayxanaların prestijinə uyğun olaraq dəyişir; daha komfortlu iaşə obyektlərində müzakirələr daha rentabelli mövzular üzərində qurulur: “Hesabıma pul köçürülən kimi mənzilimi, maşınımı dəyişəcəyəm…”
Azərbaycan insanının ən böyük problemi özü ilə mübarizədə yaşanır. O, özündən gücsüzdür; o, özündən balacadır…
Ona görə də özündən qorxur! Ona görə də həmişə nəfsinə uduzur! Azərbaycan insanı nəfsinə uduzduqca, Azərbaycan uduzur…
“İnsan həmişə nə isə özündən böyükdür”, – yazırdı Albert Kamyu. Azərbaycan insanının nəfsi özündən böyükdür!
Gödəni doymur! Ev verilir, fəxri ad istəyir! Fəxri ad verilir, vəzifə istəyir! O, həmişə nəsə istəyir! Çünki arzuları vəhşi ehtirasla, həndəsi silsilə şəklində arta-arta it xılı kimi üstünə yeriyir!
Budur, mənzil almağa haqqı çatanlar da, haqqı çatmayanlar da meydandadır. Ehtiraslar qızışır! Ehtiraslar pik həddindədir! Üstəlik, qəfildən peyda olan bir polis polkovniki, özü də asayişin bərpa olunacağına ümid bəslənildiyi vaxtda mənzil iddiası ilə meydanda bomba partladır! Hadisə yerində ölənlərin və yaralananların dəqiq statistikasını aparmaq əhəmiyyət daşımır, amma mənzil almağa haqqı çatanların da, haqqı çatmayanların da üzü qapqara qaralır! Bu faktdır!..
Belə yerdə gecə-gündüz torpağın altında külüng çalan zavallı şaxtaçıları xatırlamaq əsla gülüş doğurmamalıdır…
Hadisələrin kəskin dinamikası hər adama boy vermir! Hasarın bu üzündə dayananlar hasarın o üzündə dayananların qulaq qəhrəmanlarıdır. İndi onlar sonsuz dəhşət içində çırpına-çırpına intizarla gözləyir, öz-özlərinə verdikləri suala sadəlövhcəsinə cavab axtarırlar: görəsən, kəsəcək, ya kəsməyəcək?..
Çünki bu, ta peyğəmbər zamanından az qala on beş əsr sonrayadək müsəlman insanının şahidlik etdiyi ikinci belə dramatik və nadir hadisədir; üstəlik, baş qəhrəmanın general mundiri hal şahidlərini sadə vətəndaşların qarşısına elit bir heyətlə çıxarır.
Sözə sitayiş edənlər sözün öldürüldüyü yerdən nicat gözləyirlər.
Vəzifəsini, var-dövlətini və canını öz doğma balalarından çox istəyən general üç övladını qurban kəsmək niyyətilə cəmiyyətə – yəni hasarın o tayında dayananlara – xəyanətə bərabər qorxaqlığın, vəhşiliyə bərabər vicdansızlığın yeni, ancaq çox təhlükəli bir modelini təqdim edir.
Adam özünü tanımayacaq qədər buraxıb. Yeni nəsil novruzəlilərin daha barbar, daha gerizəkalı nümayəndəsi kimi çıxış edir. Özü də general mundirində!
Dünənədək ölkənin var-dövlətini balalarına görə çapıb-talayan bu novruzəlilər indi artıq öz balalarını yığdıqları var-dövlətə görə qurban verirlər.
Var-dövlətə qurban verirlər, dövlətə yox!
Dünənədək ölkənin var-dövlətini oğurlayan novruzəlilər indi artıq xalqın mənəviyyatını çapıb-talayırlar, xalqın mənəviyyatına sui-qəsd edirlər, xəncər saplayırlar!
Bununla da xalqın mənəviyyatı mundirli jeton oğrusunun “metroda bir tam onda beş adamın qaldığını” iddia edəcək qədər kiçildilir!..
Zəhra da kiçik idi, balaca idi. Heç iki yaşına çatmamışdı. Sizin qurban kəsmək istədiyiniz boynuyoğun oğlanlarınızın yanında nida boyda görünürdü! Amma ömrü aylarla ölçülən bu körpə öz həyatını bizim hamımızdan ləyaqətlə yaşadı. Öz sinəsini düşmən mərmisinə sipər etməklə bu Vətəni qorudu.
Əfəndilər, torpaq Zəhraların həlak olduğu yerlərdə Vətəndir…
P.S. Yazının adı məşhur müharibə filmindən götürülüb. Döyüşlərin qızğın vaxtında valideynlərini itirən uşaq doğulub boya-başa çatdığı kəndə gəlir; mərmilərin uçurub-dağıtdığı evlərini axtarıb tapır və o evin salamat qalmış divarına bu sözləri yazır: “Ana, mən sağam!”

Zəhralar bizim olmadığımız yerlərdə sağdırlar…
İbrahim RÜSTƏMLİ
Subyekt.az