![]()
Kəlbəcərin şəfalı və möcüzəvi İstisu mineral suyunun yeni tarixində mühüm mərhələlərdən biri geridə qalır. İstisu Mineral Su Doldurma Zavodunun fəaliyyətə başlamasından iki il ötür.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər rayonunda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Tarixi torpaqlarımıza qayıdış yalnız şəhər və kəndlərin yenidən qurulması ilə məhdudlaşmır, həm də həmin ərazilərin iqtisadi potensialının bərpasını və milli sərvətlərimizin dünya bazarlarına çıxarılmasını nəzərdə tutur.
Bu baxımdan Kəlbəcərin İstisu mineral suyu xüsusi əhəmiyyət daşıyır.
Fəaliyyətə başlamasından ötən qısa müddət ərzində İstisu yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də satışa çıxarılıb. Bu, Kəlbəcərin təbii sərvətinin Azərbaycan brendi kimi beynəlxalq arenaya çıxmasının mühüm göstəricilərindən biridir. Xüsusilə qeyd edilməlidir ki, qeyri-neft sektorunda ixrac olunan məhsullar sırasında İstisunun ilk onluqda yer alması böyük uğur olmaqla yanaşı, Azərbaycanın qeyri-neft ixracının şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasətin nəticələrindən xəbər verir.
Şübhəsiz ki, İstisu Mineral Su Doldurma Zavodunun Azərbaycan iqtisadiyyatında özünəməxsus yeri olacaq. Çünki burada söhbət yalnız bir istehsal müəssisəsindən və mineral su məhsulundan getmir. İstisu həm də işğaldan azad edilmiş Kəlbəcərin dirçəlişinin, Böyük Qayıdışın, milli iqtisadi potensialın bərpasının və Azərbaycanın yeni iqtisadi reallıqlarının simvollarından biridir.
Son günlər Prezident İlham Əliyevin Bişkekdə keçirdiyi görüşlər zamanı masa üzərində Kəlbəcərin İstisu mineral suyunun olması da diqqətdən kənarda qalmamalıdır. Bu, sıradan bir detal deyil.
Azərbaycanın dövlət başçısının müxtəlif beynəlxalq görüşlərdə milli məhsullarımızı, o cümlədən İstisunu təqdim etməsi ölkəmizin iqtisadi imkanlarının, milli brendlərinin və azad edilmiş ərazilərdə yaradılan yeni istehsal potensialının nümayişidir. İran Prezidenti Məsud Pezeşkian ilə görüşdə də gündəmə gələn İstisu bu baxımdan xüsusi diqqət çəkdi.
Prezident İlham Əliyevin İstisunu Zəfər simvollarından birinə çevirməsi və işğaldan azad edilmiş Kəlbəcərdə istehsal olunan bu mineral suyun dünya liderlərinin masasında yer alması düşünülmüş, uzaqgörən və milli maraqlara əsaslanan siyasətin növbəti göstəricisidir.
Bişkekdə də İlham Əliyev özünəməxsus siyasi və diplomatik üslub nümayiş etdirdi. Azərbaycan dövlətinin iqtisadi gücünü, milli brendlərini və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesini bir mineral su şüşəsi ilə nümayiş etdirmək, sözün əsl mənasında, yumşaq güc siyasətinin diqqətçəkən nümunəsidir.
İstisu bu mənada sadəcə süfrə suyu deyil. O, Kəlbəcərin təbii sərvətini, Azərbaycanın Zəfərini, Böyük Qayıdışını və yeni inkişaf strategiyasını özündə birləşdirən milli brenddir.
Bütün bunlara görə Prezident İlham Əliyevə təşəkkürümüzü və minnətdarlığımızı ifadə edirik.
Eyni zamanda, bu gün İstisu Mineral Su Doldurma Zavodunun kollektivinin üzərinə böyük və məsuliyyətli vəzifə düşür – dövlət başçısının göstərdiyi etimadı layiqincə doğrultmaq, İstisu brendinin beynəlxalq bazarlarda daha da möhkəmlənməsinə və Azərbaycan məhsulu kimi layiqli şəkildə təmsil olunmasına öz töhfəsini vermək.
İstisu Mineral Su Doldurma Zavodunun fəaliyyətə başlamasının iki ili tamam olur.
Bu əlamətdar gün münasibətilə Subyekt.az kollektivi adından İstisu Mineral Su Doldurma Zavodunun bütün kollektivini səmimi-qəlbdən təbrik edir, hər bir əməkdaşa möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, müəssisəyə isə yeni nailiyyətlər və daha böyük ixrac göstəriciləri arzulayırıq.
Qoy Kəlbəcərin İstisusu Azərbaycanın Zəfər yolunun, milli sərvətlərimizin və ölkəmizin iqtisadi gücünün dünyaya açılan bulağı olmaqda davam etsin.

Kəlbəcər – İstisu
Rövşən Hüseynli
Subyekt.az