![]()
Dünən “Çevik” ləqəbli bir qazinin Qəbələdə iki şəxs tərəfindən döyüldüyü barədə xəbərlər addımbaşı qarşıma çıxdı. Çevik özünü ateist kimi təqdim edərək din mövzusunda canlı yayımlarda müzakirələr aparırdı.
Doğrusu, bir-iki dəfə izlədim. Üslubunu bəyənməsəm də, müzakirəyə qoşulan dinçilərin də bir çox hallarda köntöy və dözümsüz yanaşmasını uyğunsuz gördüyümü söyləyə bilərəm. Əlbəttə, mədəni üslubda müzakirəyə qoşulanların olması da təqdirəlayiq sayıla bilərdi.
Bununla belə, ölkəmizdə tüğyan edən Allah qoruyuculuğu, din qoruyuculuğu, məzhəb-təriqət qoruyuculuğu xəstəliyi bu cür vəhşi metodlarla insanların susdurulmasına gətirib çıxarırsa, buna biganə qalmaq olmaz.
Hətta bir sıra ideoloji xəstə dinçinin öz statuslarında “Çevikin “Allah yoxdur!” deməsi bizim inancları təhqir edir” məzmunlu qəzəb püskürməsi tam bir terrorçu zehniyyətin özü kimi anlaşılmalıdır.
Çünki kiminsə “Allah yoxdur!” deməsi Allahı yox etməz. Əksinə, bir inanclını daha çox Allahın varlığını idrak etmək üçün düşünməyə, araşdırmağa yönəldər.
Vəhşiliyin bəhanəsini Allah üzərindən gerçəkləşdirməyə çalışanların yaşamımıza gətirdiyi fəlakətlərin sayı-hesabı yoxdursa, bu hadisə üzərində də ciddi düşünməliyik.
Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəyə onsuz da prinsipial yanaşıb məsələnin motivini dəqiq araşdıracaqlar və qanuna uyğun addımlar atacaqlar. Öncədən açıqlama verilmədiyinə görə bir şey söyləmək istəməzdim. Əgər gerçəkdən “din və ya məzhəb qoruyuculuğu” niyyəti ilə bu əməl törədilmişsə, bunun “oldu-bitdi” deyib üzərindən keçmək olmaz.
“Allah yoxdur!” deyən adam heç olmasa “Vətən var!” deyib canını dövlətimizin və millətimizin yolunda fəda edib. “Allah vardır!” deyib “Mənim ağam, mənim həm Vətənimdir, həm də millətimdir, mənsə onun nökəriyəm!” deyən Azərbaycan vətəndaşından daha şərəfli varlıq deyilmi?
Mövzu daha dəqiq anlaşılsın deyə, ötənlərdə yazdığım və hər zaman aktual hesab etdiyim bir məqaləni ağıllı insanlar üçün paylaşıram.
QƏZƏB VƏ GÜL DAĞIDANLAR
İsveçdə bir dəli Quran kitabını yandırdı. Düşünək ki, adam heç dəli deyil. Ağlı başında bir siyasətçi kimi qəsdən təxribat yaratmaq məqsədilə müsəlmanların inanc dəyərlərinə saldırmaq istəyib.
Onlar üçün sıradan bir kitab, bizim üçün isə kitablar kitabı sayılan Qurandan söhbət gedir. Burada inancdan o tərəfə dünya insanının anlayacağı bir gerçək var: Nəhayətdə yandırılan bir kitabdır!
Bu kitabı kimin yandırması və hansı kitabı yandırması sonra müzakirə olunacaq məsələdir. Ritual olaraq yenə də bir kitab yandırılıb. Tarix kitabın hansı olduğuna boylanmadan kitab yandıranların hamısına eyni cür baxır.
İsveç kimi demokratiyası, sosial ədaləti ilə qürur duyan bir dövlətdə hər hansı bir kitabın yandırılması demokratiyanın da, sosial ədalətin də yavaş-yavaş tüstülənməsi deməkdir. İsveç məhz “kitab yandırılan ölkə” kimi bədnam bir adı öz üzərinə götürməmək üçün birbaşa Kitaba inancı olan bütün insanlardan üzr istəməli idi.
Yeri gəlmişkən, deyək ki, kitab yandırmaq yalnız dinlə, inancla bağlı məsələ deyil, heç dəliliklə də əlaqəli deyil. Fikrimcə, səmimi bir müsəlman, əgər ağlı başından uçmayıbsa, başqaları üçün müqəddəs sayılan Tövratı, İncili nadir hallarda yandıra bilər. Sadəcə onları məhz Quran təsdiqlədiyinə görə, Qurandan aşağı mərtəbədə, həm də təhrif olunmuş variantda görməklə kifayətlənər.
Ancaq hansısa yobaz bir müsəlman, İŞİD-çi, talibançı, Hizbullahçı və s. Qurana zidd saydığı istənilən başqa kitabı yandıra bilər.
İndi bəzi ölkələrdə müsəlmanlar küçələrə axışaraq İsveçdəki dəlinin yandırdığı Qurana görə cəza tələb edirlər. Ancaq ən ağıllı və tərbiyəli davranışı çağdaş düşüncəli inanc sahibləri ortaya qoydular. Əllərində gül dəstələri ilə ölkələrindəki kilsələri ziyarət edərək bu gülləri qapısına düzdülər. Yəni bir axmağın hərəkəti onların əxlaq müvazinətini, insanlıq sevgisini pozmadı.
Ən qorxulusu odur ki, İsveçdə də, dünyanın hər yerində də xristianlar küçəyə axışıb əks tələblə çıxış edə bilərdilər. Onlar da iddia edərdilər ki, Quranı məhz müsəlmanlar özləri yandırmışlar.
Onu əsrlərdir təhrif edərək yandırmışlar. Onu məzhəblərə bölünərək bir-birinin qanını tökməklə yandırmışlar. Elmin, düşüncənin, sənətin, ədəbiyyatın qarşısına Quranı dikərək onu yandırmışlar. Onu gündəlik siyasətə qataraq, mənasını təhrif edərək yandırmışlar.
Ön Asiyadan, Şimali Afrikadan Cənub-Şərqi Asiyaya qədər bütün bölgələrdə bir-birinin haqqını yeyərək, qanını içərək yandırmışlar. Qadını ən alçaq məxluqa çevirərək, hərəmxanalarda cinsi istismara məruz qoyaraq, erkən yaşda ağzı dualı sayılan şeyxlərin, mollaların, hacıların, Kərbəlayıların, məşədilərin yatağına salaraq Quranı yandırmışlar.
Fərqli fikir sahibi olan düşüncə adamlarını, elm adamlarını, ədalətsizliyə etiraz edən sıradan insanları kafir adı ilə, müşrik, münafiq adı ilə edam edərkən, qamçılayarkən Quranı yandırmışlar.
Məgər bütün müsəlman dünyasından hər gün eşitdiyimiz ahu-nalənin gerisində yanan Quranı görmürsünüz? Məgər anlamırsınız ki, adını İslam dövləti qoyub milyonlarla insanı fahişəliyə, uşaqbazlığa, zorakılığa, köləliyə, narkomaniyaya, savadsızlığa düçar etdiyiniz zaman, həmin insanların gözündə bu Quranı məhz siz, müsəlmanlar, yandırmısınız?
Uşaqlıq illərindən yaddaşımda qalan ən acı xatirələrdən biri evimizdə, qonşuda, qohumda kömür sobasının yandırılması prosesi idi. Az qala hər sobanın yanında lazımsız sayılan bir və ya bir neçə kitab qoyulurdu və qış aylarında sönmüş sobanı həmin kitabdan cırılan bir neçə vərəqi bükərək yandırardılar.
Anlamazdıq ki, yanacaq vasitəsi olaraq gördüyümüz o kitab Yaradanın yaratdığı bir varlığın zehninin haqqı idi. Bizlər o haqqı düşünmədən yandırırdıq.
Heç şübhəsiz ki, dünya xalqlarının əksəriyyəti kitaba bu cür münasibət sərgiləmişlər.
Bütövlükdə bu gün tərəqqi edən, texnoloji kəşflər edən, mədəni haqları tanıyan millətlərin hamısının ilk tanıtım xüsusiyyəti kitaba olan münasibətin dəyişməsi ilə ortaya çıxıb.
Onların da içində vaxtilə Almaniyada olduğu kimi faşistlər, vaxtilə SSRİ-də, Çində olduğu kimi kommunistlər çıxıb ideologiyasına zidd kitabları yandıra bilər. Ancaq bu, İsveçdəki dəlinin müsəlmanların duyğularını incitmək məqsədilə Quran kitabını yandırması, əslində, müsəlmanlar üçün yenidən Quran üzərində düşünməyə çağırış zərurəti kimi də baxıla bilər.
Bu dəlinin yandırması ilə Quranın mahiyyətinə, mətninə zərrə qədər zərər dəyməz. Ancaq bizim yandırdığımız Quran bütün İslam arealının itirdiyi fürsətlər, yaşadığı qaranlıq, xurafat, vəhşi həyat tərzi, ədalətsizlik kimi anlaşılmalıdır.
Həmin dəlinin yandırdığı Quran həm də o çağırışdır ki, əgər Quranın yandırılmasına bu qədər həssassınızsa, o zaman onun mətninə də, mənasına da, təlqin etdiyi əxlaqa da öz yaşamınızda eyni həssaslığı göstərin.
Bu cür davranışlar bundan sonra da gözləniləndir. Ötənlərdə başqa bir dəlisi də çıxıb öz yaşamı ilə insanlıq üçün örnək olan İslam Peyğəmbərinin karikaturasını çəkməklə müsəlmanları qəzəbləndirmişdi.
O zaman da müsəlman Şərqində insanlar küçələrə tökülüb etiraz etmişdilər. O zaman da söyləyən olmadı ki, bu həssas müsəlmanlar öz yaşam tərzi, ədalətsizlik və vəhşi davranışları ilə özləri çoxdan bu karikaturanı çəkmişlər.
Peyğəmbərin söymədiyini bunlar söyürlər, peyğəmbərin döymədiyini bunlar döyürlər, peyğəmbərin demədiyini bunlar deyirlər, peyğəmbərin sevmədiyini bunlar sevirlər, peyğəmbərin etmədiyini bunlar edirlər. Karikatura bundan artıq necə çəkilir ki?!
Quran insanlıq üçün bir örnək əxlaq və yaşam kitabıdır, İslam Peyğəmbəri insanlıq üçün bir örnək şəxsiyyətdir. Lakin hər iki örnəyi öz yaşamında unudaraq bütövlükdə müsəlman təəssübkeşliyindən ağız dolusu danışanların həssaslıq, qəzəb, nifrət kükrəməsini anlamaq və anlatmaq heç cür mümkün deyil.
Əlbəttə, yer üzündə sağlam düşüncəli, insana sevgi və sayğı duyan, Quran əxlaqını mənimsəyən, Peyğəmbər yaşamını səmimi şəkildə örnək alan, çevrəsindəki insanlara güvən verən müsəlmanların da sayı az deyil. Eləcə də hər hansı inanc mənsubu olan bu xarakterdə insanlar da dünyada az deyil.
Dünyanı müsəlmanın müsəlmanı sevdiyi düşüncə deyil, yalnız müsəlmanın insanı sevdiyi düşüncə gözəlləşdirə bilər.
Ancaq əfsus ki, dünyada müsəlman tanıtımı cavab addımı kimi kilsələrə gül dağıdan insanların üzərindən deyil, küçələrdə qəzəb dağıdan insanların üzərindən aparılır.
Gül dağıdan hər kəsə salam olsun! Siz həmişə gül dağıtsanız, kimsə nə Quranı yandıracaq, nə də peyğəmbərin karikaturasını çəkəcək.
Bu, həm də İnsanlığın böyük Peyğəmbərinə, Rəsulullaha göndərilən bir salamdır!
Subyekt.az