![]()
Hər il “İslam dövləti” kimi təqdim olunan İranda Milad bayramı ərəfəsində kütləvi etirazların baş verməsi artıq bir ənənəyə çevrilib. Küçələrə axışan insanlar molla rejiminə qarşı etiraz edir, sistemin dəyişməsi tələbi ilə səslərini ucaldırlar. Bəs sual yaranır: nə üçün məhz bu dövr etirazların pik nöqtəsi olur?
Özünü İslam Respublikasının keşiyində dayanan bir hakimiyyət kimi təqdim edən İran rəhbərliyi doğrudanmı İslamın dəyərlərini qoruyur? Yoxsa din pərdəsi altında ölkənin yeraltı və yerüstü sərvətlərini talayıb, həmin sərvətləri Qərb ölkələrində yaşayan övladlarının dəbdəbəli həyatına xərcləyən bir zümrədən söhbət gedir?
Bu gün ABŞ, Kanada və bir çox Avropa ölkələrində iranlı məmur övladlarının lüks həyat tərzi, əyləncə gecələri və bahalı villaları sosial şəbəkələrdə, mediada tez-tez gündəmə gəlir. Maraqlıdır ki, eyni həyat tərzi elə İranın özündə də mövcuddur. Tehran və digər böyük şəhərlərdə inşa edilən villalarda keçirilən gizli əyləncə gecələri Qərbdəkilərdən heç də geri qalmır. Dünyanın ən nüfuzlu şərab istehsalçılarının məhsullarını Tehranda tapmaq düşündüyümüz qədər çətin deyil.
Şəxsi müşahidəmdən bir nümunə: illər öncə Tehrana etdiyim səfər zamanı qonaq olduğum evdə sanki kiçik bir “şərab muzeyi” ilə qarşılaşmışdım. Xüsusi dizaynla yığılmış guşədə Fransadan, Şotlandiyadan və digər ölkələrdən gətirilmiş bahalı spirtli içkilər sərgilənirdi. İlk dəfə əsl fransız şərabının və şotland viskisinin dadını məhz Tehranda daddım. Bu paradoksal mənzərə “İslam ölkəsi” anlayışının real həyatla nə qədər ziddiyyət təşkil etdiyini açıq şəkildə göstərirdi.
Reallıq ondan ibarətdir ki, dini idarəçilik adı altında İran terror və zorakılıqla assosiasiya olunan bir mərkəzə çevrilib. “Siğə” anlayışı isə faktiki olaraq fahişəliyin dini don geydirilmiş forması kimi geniş yayılıb. Bu gün İran bu sahədə ən problemli ölkələrdən biri sayılır.
Regiondakı bir çox münaqişə ocaqlarında – Fələstin, İraq, Suriya, Əfqanıstan və digər ölkələrdə – İran xüsusi xidmət orqanlarının yetişdirdiyi silahlı qrupların fəaliyyəti danılmaz faktdır. Bu qruplar vasitəsilə İran rejimi öz təsir dairəsini genişləndirməyə və varlığını qorumağa çalışır, eyni zamanda bölgənin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Qeyri-rəsmi məlumatlara görə, təkcə Məşhəd şəhərində illər öncə 70 mindən artıq siğə nəticəsində atasının kimliyi bilinməyən uşaq dünyaya gəlib. Bu uşaqların bir qismi xüsusi müəssisələrdə saxlanılır və gələcəkdə radikal məqsədlər üçün istifadə olunur. Bu faktlar İranda fahişəliyin və sosial fəlakətin hansı səviyyəyə çatdığını açıq göstərir.
İranın narkotik istehsalı və ixracında dünyanın ilk onluğunda yer alması da təsadüfi deyil. Tehran səfərim zamanı əslən azərbaycanlı olan bir ağsaqqalın sözləri bu reallığı daha aydın ifadə edirdi:
“Şah dövründə kim içki içirdisə, açıq içirdi, kim namaz qılırdısa, ibadətinə gedirdi. Mollalar gəldikdən sonra içkini qadağan etdilər, amma narkotiki açıq bazara çevirdilər. Bu gün tiryək istifadə etməyən gənc tapmaq çətindir.”
O ağsaqqalın dediyi kimi, içki insanı səhv edə bilərdi, amma səhvin fərqinə varıb xəcalət çəkmək də mümkün idi. Narkotik isə gəncləri tamamilə məhv edir – nə ayılmaq, nə də etdiklərinə görə utanmaq qalır.
İranın “dini təhsil” adı altında fəaliyyət göstərən müəssisələri də ciddi suallar doğurur. Elm və təhsil verən ocaqlardan terrorçu çıxmaz. Terror cəhalətin və nadanlığın məhsuludur. Bu gün İranın ali dini liderinin qarşısında baş əyən, “ağam” deyə əl öpənlər məhz həmin cəhalət ocaqlarında formalaşanlardır.
Buna baxmayaraq, ümid var. Bu gün İranda etirazların önündə gedənlər cəhalətə “yox” deyə bilən, azadlıq istəyən insanlardır. Xüsusilə qadınların bu mübarizədə oynadığı rol tarixə yazılacaq.
İnanıram ki, molla rejimi gec-tez tarixin arxivinə göndəriləcək. O gün nə qədər tez gəlsə, bölgədə sülh və əmin-amanlıq da bir o qədər tez bərqərar olar.
İmam Hüseyn özü kömək olsun.

Rövşən Hüseynli
Subyekt.az