![]()
Rusiyada İstintaq Komitəsinin rəhbəri A. Bastrıkinin AZAL təyyarəsinin vurulmasına görə cinayət işini bağlamaq cəhdi əslində mənim üçün sürpriz deyil. Biz ilk dəfə deyil Rusiyada Prezident Putinin dediklərinin əksinə fəaliyyət göstərən rəhbər şəxslərin özbaşınalığı və tərbiyəsizliyi ilə qarşılaşırıq. 35 il əvvəl Bastrıkin kimilər Bakıda, Xocalıda Azərbaycana qarşı çoxsaylı cinayətlər törədən qatilləri məsuliyyətdən yayındırdılar. Xocalı soyqırımında yaxından iştirak edən 366-cı alaydan bir nəfər belə məsuliyyətə cəlb olunmadı. Əksinə, Rusiyada bu qatillərə yüksək rütbə və vəzifələr verdilər.
5 il əvvəl isə Rusiya kontingenti Qarabağda da cinayətlər törədirdi. Rusiya kontingentinin komandanlığı Azərbaycan ərazisinə Ermənistandan rotasiya üçün silahlı heyət, sursat, texnika, mina və s. daşınmasına icazə verirdi. Rusların əraziyə daxil olmasından təxminən bir ay sonra, 2020-ci ilin dekabrında Böyük Tağlar və Cəyləqqala kəndlərində bir əməliyyat keçirilmişdi. Ermənistandan Azərbaycan ərazisinə keçən 73 silahlını xüsusi təyinatlılarımız əsir götürmüşdü. Bunu eşidən rus kontingentinin komandan müavini polkovnik Andrey Volkov tələsik hadisə yerinə yola düşmüşdü. Hərbçilərimiz erməni silahlılarını xilas etmək istəyən polkovnik A. Volkovun özünü mühasirəyə salıb ona həyat dərsi keçmişdilər. Sonradan bənzər hadisə Fərruxda və digər istiqamətlərdə də olmuşdu. A. Volkovun arxasına dəyən təpik yəqin ki, hələ yadından çıxmayıb. Dəfələrlə Azərbaycan əsgəri Qarabağın kimə aid olmasını rus hərbçilərinə başa düşə biləcəkləri dildə izah edib.
Daha sonra isə Prezident İ. Əliyevin təzyiqlərinə tab gətirməyən Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıdı və rus kontingentinin ərazidə qalması zərurəti aradan qalxdı. Yekun nəticədə son 80 ilin tək qalib ölkəsi olan Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyev rus kontingentinə gəldiyi yerə qayıtmaq üçün qəti göstəriş verdi.
Görünür, bəziləri, o cümlədən Bastrıkin və ona göstəriş verən Kreml hələ də Azərbaycanı digər MDB ölkələri ilə qarışıq salır, hələ də onlar Azərbaycan ilə savaşanların xoşbəxt olmadığını anlaya bilmirlər.
Məhz yuxarıda sadalanan yanlış addımlar sayəsində bu gün dünyada 5–6 ölkə xaric, qalan bütün ölkələr Rusiyadan uzaq olmağa çalışır. Bu azsaylı ölkələr də məcburiyyətdən Rusiya ilə eyni cərgədə dayanırlar. Düşünürdülər ki, təhlükə yaranarsa, Kreml onları qoruyacaq. Eyni bədbəxt taleyi bölüşən “bacılar” siyahısına vaxtilə Ermənistan da daxil idi. Belarus, Şimali Koreya, İran, Suriya, Venesuela, Kuba da bu siyahıda idi. İndi bu siyahıdakı ölkələrin sayı iki dəfə azalıb. Ermənistan, Suriya və Venesuela artıq Rusiya orbitindən çıxarılıb. Kuba və İran məsələsinin ABŞ tərəfindən “həll edilməsi” ehtimalı isə böyükdür.
Baş verənlər göstərir ki, ABŞ aktiv şəkildə Rusiyanın müxtəlif regionlarda mövcud olan ən yaxın “bacılarını” biabırçı bir vəziyyətdə hakimiyyətdən uzaqlaşdırır. Rusiyanın azsaylı müttəfiqlərindən biri olan Venesuela prezidenti Maduronun və həyat yoldaşının yataqda həbs edilməsi və Nyu-York küçələri ilə məhkəməyə aparılması Kremlin ağır şəkildə təhqir olunması deməkdir. Keçən il Kreml Yaxın Şərqdə əsas müttəfiqi olan Bəşər Əsədi itirdi, indi isə Latın Amerikasında Nikolas Maduronu. İstənilən halda Rusiyanın faktiki nüfuz dairəsi daralır. Bu gün Kreml ilə yaxın olmaq qədər təhlükəli məşğuliyyət yoxdur.
N. Maduro rejimini əsas dəstəkləyənlərdən biri Rusiya idisə, digəri də İrandır. İrandakı molla rejiminin isə vəziyyəti tamam “ruscadır”. Həm daxili iğtişaşlar, həm də iğtişaşlar zamanı SEPAH tərəfindən qətlə yetirilən dinc sakinlər, həm də bu qətllərlə bağlı ABŞ tərəfindən səsləndirilən təhdid dolu bəyanatlar Xameneyinin Moskvaya qaçış planının tərtib olunması ilə nəticələnib. Diqqət yetirin: erməni işğalını dəstəkləyənlərin aqibəti bu gün nə qədər acınacaqlıdır!
Azərbaycan isə daim mehriban və şəffaf qonşuluq münasibətlərinə üstünlük verib. Bu prioritet indi də dəyişməz olaraq qalır, amma bizimlə kimsə diktə dili ilə danışa bilməz, kimsə, o cümlədən Bastrıkin və ya onu idarə edən Kremldəki məmur Azərbaycan vətəndaşlarının həyatına qəsd faktını ört-basdır edə bilməz.
Unutmayın: Azərbaycan ilə savaşanlar xoşbəxt olmur!
Ədalət Verdiyev,
hərbi ekspert
Subyekt.az