![]()
Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.
Subyekt.az xəbər verir ki, Sessiyada üzv dövlətlərin parlament sədrləri, sədr müavinləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edir.
Sessiya iyunun 25-də başa çatacaq.
Bu gündən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının sədrlik İndoneziyadan Azərbaycana keçib.
Azərbaycan Prezidenti 20-ci Sessiyanın iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan İƏT-in ardıcıl dəstəyini daim hiss edib.
Dövlət başçısı vurğulayıb ki, İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib.
“Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”, – Prezident İlham Əliyev əlavə edib.
Prezident İlham Əliyevin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən daim dəstəklənməsi ilə bağlı fikirləri təşkilatın son otuz il ərzində qəbul etdiyi çoxsaylı qərar və sənədlərlə təsdiqlənir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra İƏT çərçivəsində fəal fəaliyyət göstərib və Qarabağ münaqişəsi dövründə təşkilatın siyasi dəstəyini davamlı şəkildə hiss edib.
İƏT hələ 1990-cı illərin əvvəllərindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən qərarlar qəbul edib. Təşkilatın Xarici İşlər Nazirləri Şurası və Zirvə toplantılarında qəbul edilən sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı dəfələrlə dəstəklənib. İƏT Ermənistanın hərbi təcavüzünü qınayaraq işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını tələb edib.
Azərbaycan diplomatiyasının mühüm nailiyyətlərindən biri İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupu”nun yaradılması olub. Bu qrup müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin müdafiəsinə dəstək verib, Qarabağ məsələsinin müsəlman ölkələrinin gündəmində saxlanılmasına xidmət edib. Prezident İlham Əliyevin müraciətində xüsusi vurğuladığı məqam da məhz bu Təmas Qrupunun fəaliyyəti ilə bağlıdır.
2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə və sonrasında da İƏT Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verib. Təşkilatın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını beynəlxalq hüququn prinsiplərinə uyğun hadisə kimi qiymətləndirib. Müharibədən sonra qəbul olunan sənədlərdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri müsbət qarşılanıb, məcburi köçkünlərin öz yurdlarına qayıdış hüququ dəstəklənib.

2022-ci ildə Əlcəzairdə keçirilən İƏT Zirvə toplantısında qəbul edilən yekun sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub, Ermənistan tərəfindən törədilmiş dağıntılar və minaların yaratdığı təhlükə ilə bağlı narahatlıq qeyd edilib. Bundan başqa, təşkilatın müxtəlif strukturları Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma layihələrini alqışlayıb.
Azərbaycanın İƏT daxilində nüfuzunun artmasının göstəricilərindən biri də ölkənin təşkilatın mühüm tədbirlərinə ev sahibliyi etməsidir. Bakı dəfələrlə İƏT-in nazirlər və parlament platformaları çərçivəsində toplantılarına ev sahibliyi edib. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının sədrliyinin İndoneziyadan Azərbaycana keçməsi də üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkənin islam dünyasında artan siyasi çəkisinin göstəricisi kimi qiymətləndirilir. Azərbaycanın Parlament İttifaqına sədrliyi həm ölkənin islam dünyasındakı mövqeyinin gücləndiyini, həm də İƏT məkanında etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.
Etibar Seyidağa,
Subyekt.az