![]()
Bu gün bir sıra xarici ölkə xəbər saytlarında İran “İslam” Respublikasında vətəndaşların kütləvi etiraz aksiyalarına başladığı bildirilir. Qeyd olunur ki, son illər ərzində İran xalqı məhz Milad bayramı ərəfəsində bu cür genişmiqyaslı aksiyalarla çıxış edir. Etirazların əsas tələbi isə dəyişməz olaraq molla rejiminin devrilməsidir.
Müşahidəçilərin fikrincə, baş verən hadisələr İranın artıq uzun müddətdir dərin siyasi və sosial böhran yaşadığını və faktiki olaraq inqilabi mərhələyə daxil olduğunu göstərir. Bu gün həmin ehtimal əvvəlki illərlə müqayisədə daha real və daha görünən xarakter alıb.
Mövcud proseslər fonunda İran prezidenti Məsud Pezeşkianın rolu xüsusi diqqət çəkir. Analitiklər hesab edirlər ki, o, xalqın önünə keçərək ölkədə dini hakimiyyətin sona çatmasında həlledici rol oynaya bilər. Xüsusilə Təbriz amilini və İranın şimal bölgələrində artan ictimai-siyasi fəallığı nəzərə alsaq, bu addım faktiki prezident üçün həm siyasi, həm də tarixi baxımdan aydın görünür.
Etirazlarda iştirak edən vətəndaşların və dövlətin ali icraedici fiqurunun mövcud tarixi reallığı düzgün qiymətləndirməsi, region üçün ciddi təhlükə mənbəyinə çevrilmiş molla rejimindən qurtulmaq üçün nadir fürsət yarada bilər. Çünki İran “İslam” Respublikasının bu gün yürütdüyü siyasi xəttin destruktiv və terrorçu mahiyyət daşıması artıq beynəlxalq ictimaiyyət üçün də gizli deyil.
Cəmiyyətin müxtəlif təbəqələrində formalaşan narazılıq, sosial ədalətsizlik, iqtisadi çətinliklər və siyasi azadlıqların məhdudlaşdırılması rejimə qarşı etimadı minimuma endirib. Bu baxımdan, hazırkı etiraz dalğası təkcə spontan aksiya deyil, uzun illərin yığılıb qalan ictimai qəzəbin nəticəsi kimi dəyərləndirilir.
Ümid etmək olar ki, İran xalqı və prezident Məsud Pezeşkian bu tarixi fürsəti düzgün dəyərləndirəcək və ölkənin gələcəyi üçün dönüş nöqtəsi ola biləcək qərarlar qəbul ediləcək.
Yaşasın Bütöv Böyük Azərbaycan!
Yaşasın Turan!

Rövşən Hüseynli
Subyekt.az