![]()
ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən il Ağ Evdə imzaladıqları tarixi Birgə Bəyannamənin ildönümü münasibətilə bəyanat yayıb.
Marko Rubio bəyanatında qeyd edib ki, düz bir il əvvəl Prezident Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edib, onların tarixi Birgə Bəyannaməni imzalamalarının şahidi olub və bununla Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına töhfə verib.
ABŞ Dövlət katibi bildirib ki, həmin Bəyannamə Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəyə son qoyub və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsinə yol açıb.
“Son on iki ay ərzində Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq edərək bu öhdəliyin real nəticələrə çevrilməsi istiqamətində çalışıb”, – deyə Marko Rubio vurğulayıb.
Onun sözlərinə görə, dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal nəqliyyat marşrutu olan TRIPP artıq reallaşmaq üzrədir. Ermənistanda dəmir yolu ilə bağlı mühəndislik və texniki tədqiqatlara başlanılıb, Azərbaycan isə Ermənistana birləşdiriləcək avtomobil yolu və dəmir yolunun tikintisini başa çatdırmaq üzrədir.
Marko Rubio qeyd edib ki, sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıb və bu əlaqələr hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək.
“Bu gün Transxəzər Müəssisə Fondunun fəaliyyətə başladığını elan etməkdən məmnunam”, – deyə ABŞ Dövlət katibi bildirib.
O qeyd edib ki, yeni seçilmiş Direktorlar Şurasının rəhbərlik etdiyi və ABŞ hökumətinin 201 milyon dollar məbləğində vəsaiti ilə maliyyələşdirilən Fond Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutu – Orta Dəhliz boyunca özəl sektor investisiyalarını stimullaşdıracaq.
“Bu irəliləyiş sadə bir həqiqəti təsdiqləyir: sülh və rifah bir-birini gücləndirir”, – deyə Marko Rubio vurğulayıb.
ABŞ Dövlət katibi bildirib ki, TRIPP sadəcə infrastruktur layihəsi deyil. Onun sözlərinə görə, bu marşrut Transxəzər Ticarət Marşrutunun mühüm bağlantısı, Birləşmiş Ştatlar və digər ölkələr üçün yeni kommersiya imkanlarının hərəkətverici qüvvəsi, eləcə də uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyini nümayiş etdirən bir modeldir.
Marko Rubio vurğulayıb ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanla bu təməl üzərində gələcək quruculuq işlərini davam etdirmək istiqamətində əməkdaşlığa tam sadiqdir.
ABŞ Dövlət katibi hər iki ölkəni ötən il ərzində nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edib və Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhə doğru irəliləyişin davam etdirilməsini səbirsizliklə gözlədiklərini bildirib.
Subyekt.az