![]()
Bu gün aldığım acı xəbər məni dərindən sarsıtdı. Uzun illərdir sosial şəbəkədə dostluq etdiyim İlham Qədirovun vəfat etdiyini öyrəndim. Mərhumun 3 və 7 mərasimi sabah saat 11:00-da “Lüks” mərasim evində keçiriləcək. Xəbərini oxuyarkən çox üzüldüm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
İlham Qədirovun vəfatı ilə bağlı paylaşımını oxuyarkən bir neçə gün əvvəl diqqətimi cəlb etməyən başqa bir paylaşımı da xatırladım.
Həmin statusda qan xərçəngindən əziyyət çəkən şəxsə təyin olunmuş pensiyanın dayandırıldığı qeyd edilirdi. İlk baxışda bunun son dövrlərdə müxtəlif xəstəliklər səbəbindən pensiya təminatında yaranan problemlərlə bağlı ümumi narazılıq olduğunu düşündüm.
Lakin bu gün ölüm xəbərini aldıqdan sonra məsələni dəqiqləşdirmək məqsədilə mərhumun oğlu Kənan Qədirovla əlaqə saxladım. Ona başsağlığı verdikdən sonra İlham bəyin hər hansı ağır xəstəlikdən əziyyət çəkib-çəkmədiyini soruşdum.
Kənan Qədirov bildirdi ki, atasının vəfatı ailə üçün tamamilə gözlənilməz olub. Onun sözlərinə görə, İlham Qədirovun səhhəti ilə bağlı ciddi şikayətləri olmayıb. Sosial şəbəkədə paylaşdığı status isə özünə deyil, qan xərçəngindən əziyyət çəkən anama aid idi. Məlum olub ki, həyat yoldaşına təyin edilmiş pensiya dayandırıldığı üçün İlham Qədirov bu məsələyə ictimai diqqət çəkmək məqsədilə həmin paylaşımı edib.
Bu hadisə bir daha göstərir ki, hər statistik rəqəmin, hər sosial qərarın arxasında insan taleyi dayanır. Xüsusilə ağır və onkoloji xəstəliklərdən əziyyət çəkən insanların sosial təminatı yalnız hüquqi məsələ deyil, həm də humanizm və sosial ədalət məsələsidir.
Əgər həqiqətən də hər hansı inzibati yanlışlıq nəticəsində pensiya təminatı dayandırılıbsa, aidiyyəti dövlət qurumlarının bu məsələyə yenidən baxması həm hüquqi, həm də mənəvi baxımdan vacib olardı. Çünki ağır xəstəliklə mübarizə aparan insanların müalicəsi və dərman təminatı ailələrin maddi imkanlarından birbaşa asılıdır.
Qeyd edək ki, Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi və sosial təminatı ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də İcbari Tibbi Sığorta sistemi çərçivəsində müxtəlif mexanizmlər mövcuddur. Bununla belə, konkret hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun fərdi qaydada araşdırılması zəruridir.
Bu baxımdan aidiyyəti qurumlara müraciət edərək İlham Qədirovun həyat yoldaşının pensiya təminatı məsələsinin bir daha obyektiv şəkildə araşdırılmasını xahiş edirik. Əgər hər hansı texniki və ya hüquqi uyğunsuzluq mövcuddursa, onun aradan qaldırılması ailənin sosial vəziyyətinə mühüm dəstək ola bilər.
İnsan həyatı hər cür maddi sərvətdən üstündür. Hər birimiz bu dünyadan köçəcəyimizi bilsək də, geridə qoyduğumuz ən böyük dəyər insanlara göstərdiyimiz mərhəmət və ədalətdir.
Bir daha İlham Qədirovun ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhuma rəhmət, doğmalarına səbir diləyirik.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Ps. Yenə də ən doğru qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyəti dövlət qurumları verir. Uyğun hesab etsəniz, heç olmasa İlham Qədirovun həyat yoldaşının pensiya təminatına yenidən baxılmasını xahiş edirik. Ola bilsin ki, hər hansı bir yanlışlıq baş verib. Hər ehtimala qarşı, oğlu Kənan Qədirovun əlaqə nömrəsini də təqdim edirəm: 050 777 72 37
Rövşən Hüseynli
Subyekt.az