![]()
Jurnalist peşəsi bəzən insanı elə hadisələrin şahidinə çevirir ki, onları sadəcə xəbər kimi təqdim etmək kifayət etmir. Çünki bəzi müşahidələr informasiyadan daha çox ictimai məsuliyyət və vətəndaşlıq mövqeyi tələb edir.
Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından geri qayıdarkən avtomobilimin parkinq ödənişini etdikdən sonra çıxış məntəqəsində qarşılaşdığım mənzərə məni həm düşündürdü, həm də ümidləndirdi.
Hava limanı istənilən dövlət üçün sadəcə nəqliyyat infrastrukturu deyil. O, ölkənin beynəlxalq vizit kartı, dünyaya açılan qapısıdır. Azərbaycana gələn minlərlə turist, investor, diplomatik nümayəndə və xarici qonaq ölkəmiz haqqında ilk təəssüratını məhz burada formalaşdırır. Bu baxımdan hava limanının hər guşəsi Azərbaycanın mədəniyyətini, nizam-intizamını və cəmiyyətimizin davranış modelini əks etdirən mühüm göstəricidir.
Lakin parkinq ödəniş terminallarının qarşısında gördüyüm mənzərə bu təsəvvürlə ziddiyyət təşkil edirdi. Ödəniş qəbzləri, kağız tullantıları və siqaret kötükləri ətrafa səpələnmişdi. Halbuki zibil qutuları cəmi bir neçə addımlıq məsafədə yerləşirdi.
İnsan istər-istəməz özünə sual verir: kiçik bir kağız parçasını və ya siqaret kötüyünü zibil qutusuna atmaq doğrudanmı bu qədər çətindir?
Məhz həmin an diqqətimi çəkən hadisə mənə tamam fərqli hisslər yaşatdı.
Adını belə soruşmağa imkan tapmadığım bir vətəndaş heç kimin göstərişi olmadan, heç bir vəzifə öhdəliyi daşımadan sakitcə yerə səpələnmiş qəbzləri, kağızları və siqaret kötüklərini toplayaraq zibil qutularına atmağa başladı.
Bir neçə dəqiqə onu müşahidə etdim. Sonra yaxınlaşıb təşəkkürümü bildirdim. Çünki o insan sadəcə ətrafı təmizləmirdi. O, davranışı ilə cəmiyyətə nümunə göstərirdi. Onun hərəkəti vətəndaş məsuliyyətinin ən səmimi və ən təsirli ifadəsi idi.
Təəssüf ki, həmin şəxsin adını öyrənmədim. Amma inanıram ki, məhz belə insanlar cəmiyyətimizin görünməyən qəhrəmanlarıdır. Onlar yüksək vəzifə sahibi olmaya, tribunadan çıxış etməyə də bilərlər. Lakin Vətən sevgisini sözlə deyil, əməli ilə nümayiş etdirirlər.
Əslində, bu hadisə bir həqiqəti bir daha xatırlatdı: ictimai məkanların təmizliyi yalnız kommunal xidmətlərin və ya aidiyyəti qurumların məsuliyyəti deyil. Bu, hər bir vətəndaşın şəxsi mədəniyyətinin və ictimai məsuliyyət hissinin göstəricisidir.
Küçədə, parkda, vağzalda, hava limanında və ya digər ictimai məkanlarda yerə atılan hər bir tullantı təkcə ətraf mühiti çirkləndirmir. O, həm də ölkənin ümumi imicinə, insanların mədəni səviyyəsinə və ictimai davranışına verilən qiymətə çevrilir.
Xarici qonaqlar yalnız müasir binalara, geniş magistrallara və yeni infrastruktura baxmırlar. Onlar insanların gündəlik davranışını, ictimai məkanlara münasibətini, şəhər mədəniyyətini və vətəndaş məsuliyyətini də müşahidə edirlər. Məhz bu detallar ölkə haqqında formalaşan təəssüratı müəyyənləşdirən əsas amillərdəndir.
Azərbaycan hər birimizin ortaq evidir. Necə ki, öz evimizdə səliqə-sahmanı qorumağa çalışırıq, eyni həssaslığı küçələrimizə, parklarımıza, hava limanlarımıza və bütün ictimai məkanlarımıza da göstərməliyik.
Bəzən cəmi bir neçə saniyə çəkən sadə bir davranış — bir kağızı zibil qutusuna atmaq və ya yerə atılmış tullantını götürmək — ölkəmiz haqqında formalaşan müsbət təəssürata böyük töhfə verə bilər.
Bu gün hava limanında qarşılaşdığım həmin naməlum vətəndaşa bir daha təşəkkür edirəm. Onun səssiz və təmənnasız hərəkəti mənə bir həqiqəti yenidən xatırlatdı:
Vətən sevgisi yalnız müəyyən günlərdə deyil, hər gün nümayiş etdirilən məsuliyyətli davranışdan başlayır. Azərbaycanın simasını qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.



Rövşən Hüseynli
Subyekt.az