![]()
Son iki gündür ki, mənim doğma Kəlbəcər elim Aşıq Yaşarın qəfil ölümündən böyük sarsıntı yaşayır. Rəhmətlik Yaşar mənim qan qohumum idi. Rəhmətlik nənəsi Gülxanım ana atamın bibisi qızı idi.
Təxminən iki ay bundan qabaq mənə zəng etmişdi. Aramızda çox kövrək bir söhbət olmuşdu. Məndən şeir istəyirdi. Dedi ki, “İlham əmi, şeirlərini sosial şəbəkələrdən eşidirəm. Məsləhət bildiklərini mənə göndər.” Onu da dedi ki, “Gəncəyə yolun düşəndə qonağım ol.”
Ona qədər bilirdim ki, Daşkəsəndə yaşayır. Söz verdim ki, mütləq Gəncəyə gələndə ona baş çəkəcəyəm…
Bir anlıq xəyal məni uzaqlara apardı. Yaşar dünyaya yeni gəlmişdi. Ailədə hiss edəndə ki, o, dünya işığına həsrətdir, böyük bir sarsıntı yaşanmışdı. Anası Məryəm xanım taleyin ona çəkdirdiyi bu sınağı asan həzm edə bilməmişdi. Sarsıntıları bayatıya, şeirə çevrilmişdi.
O illərdə mən Universitetin Jurnalistika fakültəsində oxuyurdum. Hadisə məni də çox sarsıtmışdı. Rayonun “Yenilik” qəzetində bununla bağlı kövrək bir yazı yazmışdım. Ağlıma da gəlməzdi ki, anasını şair edən bu uşaq Aşıq Veysəl taleyini yaşayacaqmış.
Anasının taleyinə görə ağrı yaşadığı bu uşaq saz-söz sənətimizin ünlü bir nümayəndəsi olacaqmış; təkcə anasının deyil, bir millətin fəxr duyduğu ünvan olacaqmış.
Bir neçə dəfə telefonla danışmışdıq. Hər dəfə də zəng ondan gəlmişdi. Heç cür özümü bağışlaya bilmirəm. Ağlıma da gəlməzdi ki, onun ömrü bu qədər qısa ola bilərmiş. Çox istəyirdim ki, onunla görüşüm, dərd ortağı olum. Səd, heyif…
Artıq Yaşar həyatda yoxdur. Bizim görüşümüz də heç vaxt olmayacaq. Onunla nə danışacaqdım, hansı dərdlərimizi bölüşəcəkdim — bunu heç özüm də bilmədim. Ancaq bir həqiqəti bilirəm ki, o, həmişə mənim ürəyimdə yaşayacaq. Seyid Əli kimi.
Növbəti bir Aşıq Veysəl dünyanı çox vaxtsız tərk etdi. Getdi, mənim kisəmdən getdi. Məkanı cənnət, ruhu şad olsun. Allah doğmalarına səbir versin. Dünya elə həmin dünyadır.

İlham Məmmədli
Yazıçı-publisist
Subyekt.az