![]()
8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü. Azərbaycan tarixinin bu iki əlamətdar günü təkcə milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi deyil, həm də Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirən tarixi hadisələrlə yadda qalır.
8 noyabr 2026-cı il tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin Qarabağ torpağında, Füzuli şəhərində yerləşən hava limanına enməsi və Türkiyə Prezidentinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşılanması xüsusi siyasi və mənəvi məna daşıyan hadisədir.
Qarabağda baş tutan bu möhtəşəm görüş sadəcə iki dövlət başçısının diplomatik təması deyil. Bu, əsrlərin o tayından bu tayına uzanan, ortaq tarixi yaddaş, milli kimlik, mənəvi bağlılıq və sarsılmaz qardaşlıq təməlləri üzərində formalaşmış iki xalqın birliyinin dünyaya nümayişidir.
Bu görüş həm də Xocalı faciəsinin, Qarabağın ağrı-acılarının, tarixin yaddaşına həkk olunmuş sınaqların fonunda xüsusi mənəvi məna kəsb edir. Azərbaycan və Türkiyə xalqlarının birliyinə, dostluğuna və qardaşlığına xələl gətirməyə çalışan qüvvələr bir daha gördülər ki, bu münasibətlərin təməli ötəri siyasi maraqlardan deyil, ortaq tarixdən, milli məfkurədən və qarşılıqlı etimaddan qaynaqlanır.
Kimlərsə zaman-zaman bu qardaşlığın arasına nifaq toxumu səpməyə, iki xalqı bir-birindən uzaqlaşdırmağa çalışıb. Lakin Şuşada qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları bütün bu cəhdlərə verilən ən tutarlı cavabdır. Bu bayraqların birliyi dünənin tarixi mirası, bu günün siyasi reallığı və sabahın dəyişməz vədidir.
Prezident İlham Heydəroğlu Əliyev öz qətiyyəti, prinsipial mövqeyi, siyasi iradəsi və dövlətçilik amalı ilə Azərbaycanın hansı dəyərlərə söykəndiyini, hansı strateji müttəfiqlə çiyin-çiyinə dayandığını bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycanın müstəqil siyasətinin, milli maraqlara əsaslanan dövlətçilik xəttinin ifadəsidir.
Bizim məfkurəmiz, amalımız və milli məramımız dəyişməzdir. Bir türk övladı olaraq inamımız budur ki, xalqlarımızın birliyində xəyanətə, xəbisliyə, yalana və fitnəyə yer yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndiyə səfəri də bu qardaşlığın siyasi iradə və əməli həmrəyliklə möhkəmləndiyini bir daha təsdiqlədi.
Bundan hər kəs nəticə çıxarmalıdır. Azərbaycan–Türkiyə qardaşlığının zəifləyəcəyini, tarixi bağların qırılacağını və iki dövlətin ortaq mənafelər ətrafında birliyinin sona çatacağını düşünənlər yanıldıqlarını bir daha anladılar. Çünki bu münasibətlər ayrı-ayrı siyasi dövrlərin fövqündə dayanan, nəsillərdən-nəsillərə ötürülən tarixi və mənəvi dəyərdir.
Türkiyə və Azərbaycan bundan sonra da birgə addımlayacaq, ortaq maraqlar naminə çiyin-çiyinə dayanacaq, türk dünyasının birliyi və gələcəyi naminə öz töhfələrini verəcəklər. Bu, yalnız bugünün deyil, gələcək nəsillərin də məsuliyyəti və tarixi missiyasıdır.
Eşq olsun Azərbaycan Prezidenti İlham Heydəroğlu Əliyevə!
Eşq olsun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana!
İki dövlət, bir millət!
Azərbaycan–Türkiyə qardaşlığı əbədidir, bölünməzdir, sarsılmazdır və tükənməzdir!
Rövşən Hüseynli
Subyekt.az
Şuşa – Qarabağ – Kəlbəcər