![]()
Azərbaycanla Türkiyə arasında ciddi siyasi gərginlik səviyyəsinə çatan məsələlərin iki ölkənin prezidentləri arasında səmimi dialoqla çözülməsi, qardaşlıq və müttəfiqlik dəyərlərimizin həmişəki kimi önə çıxarılması hər iki ölkənin məsuliyyətli insanlarını sevindirdi.
Doğrusu, hər dəfə suallarla qarşı-qarşıya qalırdıq. Mövzu ilə bağlı bütün duyarlı insanlar narahatlığını ifadə edirdi və hər dəfə də cavabımız bu olurdu ki, bir millətin iki dövlətinin təcrübəli və uzaqgörən rəhbərləri qardaşlıq duyğusu ilə qısa zamanda münasibətləri hökmən yoluna qoyacaqlar.
Türkiyə Prezidentinin məlum səfəri və Azərbaycan Prezidentinin onu yüksək səmimiyyətlə qarşılaması səhnəsində dostluq və qardaşlıq ritorikasının canlandırılması ilə narahatlığımıza son qoyulmuş oldu. Çünki hər bir məsuliyyətli və vətənsevər Azərbaycan və Anadolu türkü anlayırdı ki, bu anlaşılmazlığın zərəri nəinki iki türk dövlətinə, bütövlükdə türk dövlətlərinin birlik idealına dəyə bilər.
Digər tərəfdən, qeyd edək ki, bu, həm Azərbaycanda, həm də Türkiyədə bir məsələ üzərində ortaq anlayış yaratdı: Hər ölkə üçün spesifik təhlükə riskləri var və bunu önləmək üçün atılan addımlara qarşılıqlı şəkildə həssaslıqla yanaşılmalıdır. Kimsə öz cəmiyyətində olan tarixi, siyasi və dini ənənələrin eyniliyini başqasında axtarışa çıxmamalı və ya bunun eyniliyini başqasından tələb etməməlidir. Hətta arada ən yüksək qardaşlıq münasibətləri olsa belə!
Qısacası, bu prosesin müsbət sonluğu ilə özümüz sevinməklə yanaşı, ən əsası, düşməni sevindirmədik.
Düşmən deyiləndə dərhal və ayrıca olaraq şimala və ya cənuba boylanmayın. Öz içimizdə olan düşmənlərə daha çox diqqət yetirməliyik. Siyasətdə, mediada, sosial şəbəkələrdə qısa bir vaxtda fürsətçilərin necə hərəkətə gəldiyini hamımız müşahidə etdik.
Əlbəttə, həm Türkiyədə, həm də Azərbaycanda səmimi inanc sahibləri ilə yanaşı, siyasi İslam ideologiyası xəstəliyinin daşıyıcısı olan minlərlə insan var. Onlar düzəngah bidətləri İslam adı ilə təbliğ edərək Quranın mahiyyətindən uzaq bir yaşamı və düşüncələri, eyni zamanda, gericiliyi əqidə kimi kodlaşdırıb dünyəvi dövlətin sütunlarını addımbaşı zədələməyə çalışırlar.
Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətlərinə xələl gətirmədən onların qeyri-sağlam düşüncələrinə yönəlik görüşlər sərgiləmək olar və hətta bunu etmək bəzən zərurətə çevrilir. Ancaq qardaşlar arasında bəzi güncəl anlaşılmazlıqları bəhanə edərək tarixi münasibətlərimizin kökünü baltalamaq birmənalı şəkildə türk düşmənçiliyi kimi xarakterizə olunmalıdır!
Bu məsələnin şəxsimlə bağlı bəzi məqamları olduğuna görə uzatmadan düşüncələrimi paylaşmağa keçirəm.
Bu günlərdə Taleh Şahsuvarlı adlı, jurnalistlər çevrəsində sifarişli yazılar müəllifi kimi tanınan birisi mənim deputat fəaliyyətimlə bağlı bir foto üzərindən status paylaşmışdı. Burada Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq komitənin profilinə uyğun qaydada Azərbaycanda 32 ildir rəsmi qeydiyyatda olan “Gəncliyə Yardım Fondu” adlı ictimai birliyin təmsilçilərini qəbuluma aid paylaşım yer alırdı.
Qeyd edim ki, həmin fond Azərbaycanda uzun illərdir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur və digər ictimai birliklər kimi onların da görüşmək barədə müraciətinə diqqətlə yanaşaraq Milli Məclisdə bu görüşü gerçəkləşdirmiş və bu barədə mediada da xüsusi press-relizimiz təqdim etmişdim.
Demək, adamcığaz görür ki, Azərbaycan-Türkiyə münasibətlərində müəyyən gərginlik hökm sürür, dərhal ötən əsrin 30-cu illərindəki işverən və donosçuların genetik davamçısı kimi, Azərbaycan sevgisini illərdir fəaliyyətləri ilə təsdiqləyən bu türkiyəli qardaşlarımızla görüşə görə mənim Milli Məclisdən “qovulmamı” tələb edir.
Olsun, hamının işini, düşüncələrini kimlərinsə mütləq bəyənməsi deyilən tələb yoxdur. Ancaq hələ də tanıda bilmədiyi bir sayta rəhbərlik edən savadsız bir jurnalistin “qovulma” ifadəsinin sinonimini tapa bilməməsini sadəcə tərbiyəsizlik kimi izah etmək yanlış olardı.
Burada sadəcə bir izah ola bilərdi: Harada türk düşməni varsa, harada Cümhuriyyət düşməni, Məhəmməd Əmin düşməni varsa, ya sözlə, ya da güllə ilə atəş açdığı ilk hədəflərdən biri nədənsə Fazil Mustafa olur! Türkiyədə bunlara “ermənidən dönmələr” deyilir, bizdə də sayları artanda yəqin ki, uyğun bir ad tapılacaq.
“Niyə bu qədər sərt?” deyə soruşula bilər.
Əlbəttə, biz Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə yanaşı, qardaş türk dövlətlərindən qonaq gələn və ya Azərbaycanda fəaliyyət göstərən türk dövlətlərindən olan təmsilçilərə xüsusi diqqət göstərməyə çalışırıq.
Təsəvvür edin ki, dünya türklərinin inteqrasiyasının bu mərhələsində mənim Türkiyədən olan qardaşlarımızla görüşümə görə hansısa ləyaqətsiz məxluq böhtan, iftira dolu ittihamlar səsləndirir. Sabah Özbəkistandan, Qazaxıstandan gələn qardaşlarımızı qəbul etsək, necə? Bu dövlətlərlə də, Allah göstərməsin, siyasətdə hansısa keçici soyuqluq olarsa, başqa bir işverənin də, böhtançının da bizi buna görə ittiham etməsinimi gözləyək? Eyni soydan olan qardaşlarımızla mehriban təmasımızdan hansısa qanı və ruhu sağlam azərbaycanlının narahat olması mümkündürmü?
Digər tərəfdən, bir daha xatırladım ki, dörd-beş il öncə dövlətimizi haqlı olaraq “İrəvanın Ermənistana verilməsi” barədə güncəlləşdirdiyi siyasi tezisin mahiyyətini dəyişərək bunu Məhəmməd Əmin Rəsulzadənin xəyanəti kimi xarakterizə etmək üçün bir neçə silsilə yazını da məhz bu türk düşməni yazdı və tirajladı.
Hətta bunun kimi bir neçə siyasi və ictimai taxtabiti də 1918-ci ildə Azərbaycanı erməni-bolşevik işğalından azad edərək müstəqil dövlətimizin faktiki olaraq qurulmasına misilsiz töhfə vermiş böyük komandan Nuri Paşanın və qəhrəman türk əsgərinin fədakarlığına kölgə salan məqalələr yazmaq üçün sıraya düzülmüşdü.
Əminəm ki, iki qardaş ölkə arasında münasibətlərin pozulmasına sevinən bu kimi ermənidən dönmə ünsürlər dərhal və böyük sevinc hissi ilə Türkiyə əleyhinə ən əxlaqsız yazıları yazıb tirajlamağa irəlidə də davam edəcəklər.
Münasibətlərin sağlam məcraya yönəlməsi Azərbaycan və Anadolu türklərinin böyük əksəriyyətini içdən sevindirsə də, bir sıra fürsətçiləri, türk düşmənlərini, saxta vətənsevərləri məyus etmişdir. Əminəm ki, bundan sonra da məyus olacaqlar, çünki bu qardaşlığımızın hansı dərin mənəvi kökləri olduğunu anlamayacaqlar!
Bu yazını ictimai-siyasi, eləcə də elmi çalışmalar üzərindən şəxsimi illərdir hədəf alanların böyük əksəriyyətinin başqa bir müstəvidə hansı görüşlərə sahib olduğu barədə ictimaiyyəti bilgiləndirmək üçün yazdım.
Subyekt.az