Bu günlərdə Azərbaycan Tibb Universitetinin nəzdində yaradılan birdəfəlik dissertasiya şurasının iclasında tibb xidməti polkovnik-leytenantı, Hərbi tibb fakültəsinin Tibbi-profilaktika kafedrasının baş müəllimi Saleh Əhmədovun ölkəmizdə ilk olan hərbi təbabət ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib.
İddiaçının hərbi təbabət ixtisasına uyğun olaraq milli təhlükəsizlik və hərbi elmlər sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi müzakirəyə çıxarılıb. Əvvəlcə dissertasiya şurasının sədri, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov, sədr müavini, professor Məhərrəm Niftullayev və şuranın elmi katibi, dosent Törə Sadıqova çıxış edərək dissertasiya işinin mahiyyətini, aktuallığını, yeniliyini diqqətə çatdırıblar. Bildirilib ki, mövzu Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutu və ATU-nun Hərbi tibb fakültəsinin Tibbi-profilaktika kafedrasının tematik planına daxildir.
Bundan sonra “Hərbi qulluqçular arasında aşkarlanmış vərəm xəstəliyinin epidemioloji xüsusiyyətləri” mövzusunda dissertantın məruzəsi dinlənilib. Müzakirələrdə ATU-nun Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, Kliniki farmakologiya kafedrasının professoru Yusif Nağıyev, Hərbi səhra terapiyası kafedrasının dosenti Rəna Şirvanova, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Elcan Məmmədbəyov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun dosenti Könül Kərimova və başqaları çıxış ediblər. Çıxışlarda hərbi təbabətin tibb sahəsi üçün əhəmiyyətindən, tədqiqatın praktik tövsiyələrindən, nəticələrindən danışılıb. Dissertasiya işinin hərbi terapiya, hərbi gigiyena, hərbi epidemiologiya, hərbi toksikologiya, radiologiya və tibbi mühafizə, tibb xidmətinin təşkili və taktikası sahələrini əhatə etdiyi vurğulanıb.
Qeyd edək ki, hərbi təbabət ixtisası hərbi elmlərin tərkib hissəsi olub, hərbi qulluqçularda inkişaf edən daxili və cərrahi xəstəliklərin elmi-nəzəri, praktik və metodoloji əsaslarını, etioloji, patogenetik, kliniki, diaqnostik xüsusiyyətlərini, müalicə-profilaktik üsullarını və cərrahi yardımın təşkilini, kütləvi qırğın silahlarından mühafizənin elmi əsaslarını hazırlayan, həmçinin tibb xidmətinin idarəetmə prinsiplərini və qoşunların şəxsi heyətinə döyüş əməliyyatları, təlim hazırlığı, həyat və məişət şəraiti ilə bağlı amillərin təsirini tədqiq edən elm sahəsidir.
Subyekt.az