![]()
Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb. “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin saxlama anbarlarında yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan 400 tondan artıq toyuq əti məhsulunun satış məqsədilə saxlanıldığı müəyyən edilib.
Subyekt.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayıb.
Məlumata görə, AQTA tərəfindən müəssisənin saxlama anbarlarında aparılan yoxlamalar zamanı etiketlərində göstərilən yararlılıq müddəti başa çatmış, eləcə də korlanma əlamətləri olan toyuq əti məhsulları aşkar edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai araşdırma zamanı müəssisəyə faktiki rəhbərlik edən Mahir Mirzəyevin, cəmiyyətin direktoru Elşən Usubovun və kəsim sexinin müdiri Nazim Məmmədovun qabaqcadan əlbir olaraq insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunu Xızı rayonunda yerləşən istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları barədə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında hər üç şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Subyekt.az