![]()
Millət vəkili, fəlsəfə doktoru Fazil Mustafanın sayca 31-ci kitabında siyasi-fəlsəfi, elmi-publisistik və kulturoloji məqalələri yer alıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili, fəlsəfə doktoru Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı nəşr olunub.

Subyekt.az xəbər verir ki, Bakıda “AVE Print” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çap edilən kitabda müəllifin son iki il ərzində qələmə aldığı siyasi-fəlsəfi, elmi-publisistik və kulturoloji məqalələri toplanıb.
Səkkiz tematik bölmədən ibarət olan nəşrdə Azərbaycan dövlətçiliyinin ideya əsasları, tarixi yaddaş, milli kimlik, Qarabağ Zəfərinin siyasi və mənəvi nəticələri, ictimai düşüncənin müasirləşməsi, dil və mədəniyyət, din-dövlət münasibətləri, dünyəvilik, eləcə də vətəndaş məsuliyyəti kimi aktual məsələlər geniş şəkildə təhlil olunur.
Kitab “Tarix mirası mövzusunda mülahizələr”, “Qarabağın azadlığı və erməni xəstəliyi”, “Zamanın çağırışları”, “Şəxsiyyətlər və kölgələri”, “Dilimiz – dilçəyimiz”, “Mədəniyyətimiz və milliliyimiz”, “Bütövlük xəstəliyi”, “Ümmətçi dinimiz və milli cəhalətimiz” adlı səkkiz bölməni əhatə edir.
Müəllif bu bölmələrdə müasir Azərbaycan cəmiyyətinin intellektual, ictimai-siyasi və mənəvi gündəmini müəyyənləşdirən məsələlərə özünəməxsus fəlsəfi yanaşma nümayiş etdirir, tarixi prosesləri, milli-mənəvi dəyərləri və ictimai düşüncənin inkişaf istiqamətlərini təhlil edir.
Nəşrə adını verən “Çoban məsuliyyəti” məqaləsində məsuliyyət anlayışı qoruyuculuq, mənəvi öhdəlik, maarifçilik və ictimai davranış müstəvisində dəyərləndirilir. Kitabın əvvəlində təqdim olunan “Qranulalar” adlı aforistik səciyyəli seçmə fikirlər isə müəllifin dünyagörüşünü, düşüncə tərzini və əsas ideya istiqamətlərini tamamlayan məzmun daşıyır.
Qeyd edək ki, “Çoban məsuliyyəti” Fazil Mustafanın əvvəlki illərdə nəşr olunmuş “Düşünürüksə, varıq!”, “Sağlam düşüncə alternativi”, “Doğru düşüncənin hikməti”, “Xalq və qaragüruh”, “Düşünənlər və düşündürənlər”, “Cəhalət kolonu”, “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” və digər əsərlərində irəli sürülən ideya və mülahizələrin məntiqi davamı kimi diqqət çəkir.
Müəllifin sayca 31-ci kitabı olan “Çoban məsuliyyəti” siyasi fəlsəfə, tarix, kulturologiya, dinşünaslıq, hüquq və vətəndaş cəmiyyəti məsələləri ilə maraqlanan mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Subyekt.az