![]()
Deputat bildirib ki, təhsil ocaqlarını siyasi ittiham alətinə çevirmək məntiqsiz yanaşmadır və bu cür iddialar ziyalılara qarşı açıq böhtandır.Milli Məclisin deputatı Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahibə Qafarova və Bakı Slavyan Universiteti ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Deputat bildirib ki, Sərdar Cəlaloğlu ilə uzun illərdir siyasi müstəvidə kəskin fikir ayrılıqları və qarşıdurmaları olub. Onun sözlərinə görə, şəxsi münasibətləri nəzərə alaraq bir çox hallarda səsləndirilən böhtanlara cavab verməsə də, İrançı şəbəkənin təbliğatına xidmət edən çıxışları zamanı dəfələrlə mövqeyini açıq şəkildə ifadə edib.
Fazil Mustafa xatırladıb ki, vaxtilə ona qarşı törədilmiş terror aktı ilə bağlı məhkəmə prosesində terrorçular müdafiə arqumenti kimi Sərdar Cəlaloğlunun onun barəsində səsləndirdiyi ittihamlara istinad ediblər. O qeyd edib ki, bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabında da ətraflı yazıb.
Deputat bildirib ki, bu dəfə Sərdar Cəlaloğlunun hədəfi Milli Məclisin sədri Sahibə Qafarova olub. O, ADP sədrinin Sahibə Qafarovanın vaxtilə Bakı Slavyan Universitetində prorektor işləməsini əsas gətirərək onu Rusiyanın maraqlarına xidmət etməkdə ittiham etməsini əsassız və böhtan xarakterli yanaşma adlandırıb.
Fazil Mustafanın sözlərinə görə, eyni məntiqlə yanaşılsa, Sahibə Qafarovanın daha əvvəl Qərb Universitetində çalışması onun Qərbin maraqlarına xidmət etdiyini deməyə də əsas verməlidir ki, bu da tamamilə absurddur.
Deputat vurğulayıb ki, yüzlərlə müəllimin çalışdığı, minlərlə tələbənin təhsil aldığı ali məktəbi siyasi ittiham obyektinə çevirmək nə məntiqə, nə də əxlaqa sığır.
Fazil Mustafa bu məntiqi ironik şəkildə davam etdirərək bildirib:
“Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha…”
Deputat qeyd edib ki, Sahibə Qafarova öz ixtisası üzrə tanınmış alimlərdən biridir və Milli Məclisin sədri kimi beynəlxalq platformalarda Azərbaycanı yüksək peşəkarlıqla təmsil edir. Onun fikrincə, bir şəxsin hansı universitetdə çalışmasını və ya təhsil almasını siyasi bağlılıq kimi təqdim etmək həm məntiqsiz, həm də təhlükəli yanaşmadır.
Fazil Mustafa sonda vurğulayıb ki, siyasi rəqiblərin baxışlarını tənqid etmək normaldır. Lakin ali təhsil müəssisələrini və orada çalışan insanları əsassız ittihamlarla hədəfə çevirmək cəmiyyətə, xüsusilə də dövlət idarəçiliyində təmsil olunan qadınlara qarşı sağlam olmayan münasibətin formalaşmasına xidmət edir.
Subyekt.az