![]()
Bizdə sosiologiya bir tədqiqat sahəsi kimi çox zəifdir. Vaxtilə AMEA-da bu sahə üzrə daha çox Əhməd Qəşəmoğlunun tədqiqatları diqqəti cəlb edirdi. Universitetlərimizdə bu adla açılan fakültələrin, kafedraların elmi populyarlığı bir o qədər də diqqətəlayiq olmadı. Əlbəttə, yeni nəsil sosioloqlar içində də maraq doğuran adlar var, ancaq bu sahədə təhsil bazamız çox zəifdir. Türkiyə ekolundan gələnlərin də nəzəri bilgiləri hansısa ciddi tədqiqatlarda nəzərə çarpmır. Dövlət qurumlarında, ayrı-ayrı mərkəzlərdə müəyyən ixtisaslı kadrların yetişdiyi də inkar oluna bilməz. Lakin ictimai düşüncəyə təsir göstərə biləcək elmi metodologiya əsasında tədqiqatların az olması narahatedici amillərdən sayıla bilər.
Çünki yaxın əlli və ya yüz ildə Qafqazda bizim rəqabət içində olduğumuz iki dövlət var: Gürcüstan və Ermənistan. Biz bu ölkələri indiyədək tarix üzərindən az-çox tanımağa çalışmışıq. Tarixi mənbələrin saxtalaşdırılması mövzusunda üzü Sovet dövründən bəri geniş müzakirələr və mübahisələr aparmışıq, məqalələr, kitablar yazmışıq. Ancaq həmin cəmiyyətlərin daxili strukturu, düşüncə dəyişimi, siyasətdə baş verən kataklizmlər, təhsil metodologiyasının yeniləşmə tendensiyası barədə ciddi sosioloji tədqiqatlarımız nədənsə gözə çarpmır.
Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: Məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın.
Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər. Ləng də olsa, bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər. Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar.
Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu, təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdi, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü.
İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır. Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur.
Keçək qonşumuz və yaxın keçmişdə düşmənimiz Ermənistana. “Erməni xəstəliyi” illərdir leksikonumuzda ən çox işlənən və bizə də mental olaraq tanış olan ifadədir. Erməni xəstəliyi — saxta din üzərindən, saxta tarix üzərindən kütləvi zehni zəhərlənməni ehtiva edir. Yəni, bu gün qazandığın müstəqilliyin, çağdaşlaşmanın dəyərini anlamırsan, gedib tarixin qaranlığında eşələnirsən. Dinini inanc kimi deyil, hansısa bir siyasətin, ideologiyanın aləti kimi yaşayırsan.
Bu xəstəlik erməni cəmiyyətinin alimindən, şairindən, jurnalistindən, diaspor üzvündən, həkimindən, fəhləsindən tutmuş siyasətçilərinə qədər mütləq əksəriyyəti bürümüşdü. İllər boyu “Miatsum”, “Artsax”, “Türk genosidi”, “Böyük Ermənistan” deyə xəyali və aqressiv şüarları bağıraraq real olmayan hədəflər üzərindən böyük bir kütləni hərəkətə keçirmişdilər. Bu şüarlardan ilhamlanaraq abidələr qoyur, terrorlar edir, qonşu əraziləri işğal edir, insanları türk və müsəlman olduqlarına görə vəhşicəsinə öldürür, parlamentlərə, hökumətlərə basqı düzənləyib qərarlar çıxarırdılar.
Son bir neçə ildə bu topluma nə oldu ki, əhəmiyyətli hissəsi bu xəyaldan uzaqlaşmağı təklif edən yeni siyasəti dəstəklədi? Əlbəttə, burada birinci təsir gücü Azərbaycanın Qarabağı işğaldan azad edib Ermənistan Respublikası sərhədlərinə dayanması oldu. Ancaq bu, bir toplumun düşüncəsinin dəyişməsi üçün yetərli ola bilərmi? Axı ermənilər on dəfələrlə öz vəhşiliklərinin cavabını alaraq acınacaqlı duruma düşmüşlər və qısa müddət sonra yenidən eyni xəstəliyi davam etdirmişlər.
Bəlkə bu günümüzün də prosesləri tarixin təkrarı kimi irəlidə yenidən qarşımıza çıxa bilər. Ancaq mən real tablo üzərindən mühakimə yürütmək istərdim. Biz öyrənməliyik ki, ermənilərin yeni nəsil sosioloqları hansı tədqiqatlar üzərindən bu xəstə cəmiyyətin əhəmiyyətli hissəsinin düşüncəsində dəyişiklik yarada bildilər. Bu sırada siyasətçilər daha çox gözə çarpsalar da, onlar əsasən nəzəri nəticələrin icraçısı kimi qəbul olunurlar. Çünki yalnız Paşinyanın seçkidə öz yaxasına Ermənistan Respublikasının siyasi ərazisini simvollaşdıran nişan taxması və on-on beş çıxışla bu xəstəliyi çözməsi mümkün ola bilməz.
Demək ki, işləyən bir sistem, elmi araşdırmalar, sosioloji təhlillər var ki, bunları öyrənmək keçmiş düşmənimizi, gələcəkdə ən azı Qafqaz müstəvisində rəqibimizi tanımaq, izləmək baxımından faydalı olardı. Erməni dilini bilən mütəxəssislərin ermənicə materialları, digər dilləri bilən mütəxəssislərimizin də digər dillərdə olan materialları toplayıb tədqiqatçılarımıza çatdırması, əlbəttə, dövlət dəstəyi ilə edilə bilər və asan iş deyil. Ancaq hər bir halda qonşularımızın iç siyasətinin sosioloji təhlilinə xüsusi diqqət ayırmaq zorundayıq. Rəqabətdə hər zaman öndə olmamız üçün bu zəruridir.
Erməni xəstəliyi isə bir virus olaraq qalacaq. Həm də təkcə Ermənistanda yox. Sadəcə, bunun pandemiya səviyyəsinə gəlib çatmasına yol vermək təhlükəlidir.
Subyekt.az