![]()
Prezident İlham Əliyevin İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı Azərbaycanın milli maraqlara söykənən hücum diplomatiyasının növbəti qətiyyətli nümunəsidir.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın qənaətincə, bu çıxış yalnız regional sülhün konturlarını cızmaqla kifayətlənməyib, həm də bəzi Avropa təsisatlarının siyasi riyakarlığına qarşı rəsmi Bakının ən yüksək səviyyədə verdiyi əsaslandırılmış cavabdır.
Dövlət başçısı Avropa Parlamenti və AŞPA-nın son illərdə Azərbaycana münasibətdə sərgilədiyi destruktiv xətti əsaslı arqumentlərlə açıq şəkildə ifşa etdi. Vurğulandı ki, bu qurumların fəaliyyəti sülhə töhfə vermək əvəzinə, Ermənistanda revanşist meyillərin təşviqinə xidmət edir. Avropa Parlamentinin erməni lobbisinin təsiri altında obyektivliyini itirməsi, AŞPA-nın isə qərəzli və selektiv yanaşması Prezident tərəfindən “siyasi korrupsiya” və “ikili standartların zirvəsi” kimi qiymətləndirildi. Bununla da, bu təsisatların qərarlarının Azərbaycan üçün heç bir hüquqi və siyasi əhəmiyyət daşımadığı qəti şəkildə ifadə olundu.
Deputat vurğulayıb ki, Prezidentin mesajları 2020 və 2023-cü illərdə formalaşmış yeni geosiyasi reallıqların kənar təzyiqlərlə dəyişdirilə bilməyəcəyini bir daha nümayiş etdirdi. Bu çıxış Bakının bərabərhüquqlu tərəfdaşlıq prinsipini təsdiqləyir: biz dialoqa açığıq, lakin suverenliyimizə müdaxilə cəhdlərinə qətiyyətlə imkan verməyəcəyik.İrəvan sammiti Azərbaycanın diplomatik müstəvidə yalnız iştirakçı deyil, həm də regionun sülh arxitekturasını müəyyən edən aparıcı güc mərkəzi olduğunu bir daha təsdiqlədi.
Subyekt.az