![]()
Özbəkistanın Aniq.uz portalında azərbaycanlı yazar, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, “Alaş” Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı ilə geniş müsahibə yayımlanıb. “İki qardaş ölkə bu ili quruculuq fəlsəfəsi ilə yaşayır” sərlövhəli müsahibəni jurnalist Sevinc Xoşnəzərova aparıb.
Müsahibədə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son dövlət səfəri, Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsi, Əbədi dostluq haqqında Müqavilənin tarixi-siyasi mənası, 2026-cı ilin hər iki ölkədə daşıdığı simvolik məzmun, Yeni Daşkənd layihəsi, Azərbaycanın işğaldan qurtulmuş torpaqlarında aparılan quruculuq işləri, eləcə də iki qardaş ölkə arasında mədəni-humanitar əlaqələrin Türk dünyasının inteqrasiyasındakı rolu ətraflı şərh olunub.
Əkbər Qoşalı Azərbaycanla Özbəkistanın artıq “bir-birini yenidən kəşf edən iki ölkə” olmadığını, tarixi-mənəvi yaxınlığın çağdaş dövlətçilik institutlarına, iqtisadi gücə, ortaq layihələrə və gələcək nəsillərin yaşayacağı gerçəkliyə çevrilməsi mərhələsinə qədəm qoyduğunu bildirib. O, Əbədi dostluq haqqında Müqavilənin imzalanmasını münasibətlərin mahiyyətini ifadə edən tarixi hadisə kimi dəyərləndirərək belə bir tezis irəli sürüb: “Dünən bizi tarix yaxınlaşdırırdısa, bu gün dövlət iradəsi birləşdirir, sabah isə birlikdə qurduğumuz ortaq gələcək birləşdirəcək”.
Müsahibədə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”, Özbəkistanda isə “Məhəlləni inkişafetdirmə və cəmiyyəti yüksəltmə ili” elan olunması xüsusi mənəvi uyğunluq kimi şərh edilib. Əkbər Qoşalı bu paraleli “bir tərəfdə insanın yaşayacağı məkanın qurulması, digər tərəfdə həmin məkanda yaşayacaq cəmiyyətin yüksəldilməsi fəlsəfəsi” kimi xarakterizə edib: memarlıq insana ev, məhəllə isə həmin evə qonşu verir; şəhərsalma küçə yaradır, cəmiyyət isə o küçəyə həyat bəxş edir.
Söhbətdə Prezident İlham Əliyevin Yeni Daşkənd layihəsi ilə tanışlığı da Azərbaycanla Özbəkistanın çağdaş quruculuq fəlsəfəsinin praktik və rəmzi qovuşması kimi təqdim olunub. Müəllif Yeni Daşkəndlə yenilənən Qarabağ arasında maraqlı fəlsəfi paralel apararaq hər iki məkanda söhbətin XXI yüzilin yeni yaşayış keyfiyyətinin, yeni sosial münasibətlərin və insan üçün daha layiqli mühitin qurulmasından getdiyini vurğulayıb.
Əkbər Qoşalı Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulmasını, Bakıda isə “Özbəkistan” parkının salınmasını iki ölkənin münasibətlərinin “şəhərsalma metaforu” adlandırıb. O bildirib ki, gələcəkdə Daşkənddə bir uşağın “Azərbaycan” adını görərək ölkəmizlə maraqlanması diplomatiyanın ən uzunömürlü nəticələrindən biri ola bilər: beləliklə, “Daşkənddə Azərbaycan, Bakıda Özbəkistan yaşayacaq”.
Müsahibədə Füzulidə Özbəkistan tərəfindən inşa edilmiş Mirzə Uluqbəy adına məktəb, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet, “Azərbaycan” və “Özbəkistan” parkları ayrıca mədəni-siyasi rəmzlər kimi dəyərləndirilib. Əkbər Qoşalı həmin məkanları “ortaq türk mədəni coğrafiyasının yeni ünvanları” adlandırıb.
Türk dünyasının gələcək inteqrasiyasından danışan Əkbər Qoşalının qənaətinə görə, dövlət rəhbərlərinin yaratdığı böyük siyasi memarlığın içində xalqlar öz mədəni evlərini qurmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin son illərdə yaratdığı yeni münasibətlər modelini isə o belə səciyyələndirib: “Onun təməli tarixi qardaşlıq, sütunları qarşılıqlı güvən, damı isə ortaq gələcəkdir”.
Müsahibənin sonunda Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı mərhələsi üç anlayışla ümumiləşdirilib: “yaddaş – quruculuq – gələcək”. Əkbər Qoşalının fikrincə, yaddaş xalqların haradan gəldiyini unutmağa imkan vermir, quruculuq bugünü dəyişir, gələcək isə bütün bunların kimlər üçün yaradıldığını göstərir.
Söhbət Hüseyn Cavidin ünlü “Turana qılıncdan daha kəskin, ulu qüvvət – yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” fikrinin anılması ilə tamamlanıb. Əkbər Qoşalı Bakı ilə Daşkəndin bu gün Hüseyn Cavidin böyük mədəniyyət idealını dövlət siyasəti və ortaq quruculuqla gerçəyə çevirdiyini vurğulayıb.
Müsahibənin tam mətni:
https://aniq.uz/yangiliklar/ikki-qardosh-mamlakat-bu-yilni-bunyodkorlik-falsafasi-bilan-yashamoqda

Subyekt.az