![]()
24 apreldə İrəvanda Azərbaycan və Türkiyə bayraqları yenə yandırıldı. Bəli, “yenə yandırıldı” deyirik. Bu, o deməkdir, rəsmi İrəvan və (bütövlükdə Ermənistan qarışıq) İrəvan ictimai-siyasi mühiti, vətəndaş cəmiyyəti hələ də belə bir qeyri-qanunu, qeyri-insani, qeyri-əxlaqi addımdan çəkinə bilmir. Petrosyanın dövründə belə idi, Köçəryanın, Sərkisyanın dövründə belə idi, Paşinyanın dövründə də belədir. Adlar, rejimlər, zaman və s. dəyişir, erməni xisləti dəyişmir ki dəyişmir! Doğrudur, deyilə bilər ki, Paşinyan Baş nazir olaraq Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qınadı; ancaq bu yetərlimi?.. – Deyil! – Çünki bizim əcdadımız, bizim xalqımız başqa xalqların dəyərlərinə sayğı ilə yanaşıb, indi belədir, gələcəkdə belə olacaq. Biz belə görmüş, belə eşitmiş, belə bilmişik. Əgər bir xalq özü bayraq qaldırıbsa, bayraq, dövlət sahibidirsə, başqa dövlətlərə, xalqlara, bayraqlara münasibətdə də sayğılı davranmaq borcu, mənəvi öhdəliyi var. Ya sənin qaldırdığın bayraq bayraq deyil ya sənin qurduğun dövlət dövlət deyil ki, başqasının bayrağına, dövlətinə, simvollarına münasibətdə belə aşağı, qorxaq hərəkət edirsən. Hər hansı bir ölkənin bayrağının yandırılması (özü də, sözün bütün anlamlarında haqsız yerə yandırılması), qorxaqlığın, rəzalətin, geridəqalmışlığın və paxılığın əlamətidir.
Yaxşı,
sabah-birisigün Barış Anlaşmasından sonra da bayraq yandıracaqlar? – Əlləri çatınca – adam, yaşayıb doyunca – ev yandıran cəhənnəmliklər əlləri hər yerdən üzülüncə bayraq yandırır…
Bəli,
Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması hadisələri uzun illərdir təkrarlanır və bu, Ermənistanın müxtəlif siyasi dövrlərində (az azalma, çox bilinmə ilə) müşahidə olunub. Bu cür hadisələr, özəlliklə 24 aprel (1915-ci il) hadisələrinin – qondarma “erməni soyqırımı”nın ildönümü yürüşləri və tədbirləri zamanı baş verir.
Bayraq yandırma olaylarına tarixi xronologiya və siyasi dövrlər üzrə nəzər salaq:
-Petrosyan dövrü (1991–1998): Bayraq yandırılması ilə bağlı konkret bilgilərə, foto-video materiallara çıxış imkanımız məhdud olsa da, “yandırılmamışdır” demək heç doğru olmaz;
-Köçəryan dövrü (1998–2008): örnəyi, 2008-ci ildə İrəvanda keçirilən yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Bu hadisə Türkiyə mediasında geniş əks olunub və dövlət səviyyəsində Ermənistana etirazlar edilib;
-Sərkisyan dövrü (2008–2018): örnəyi, 2014 və 2016-cı illərdə İrəvanda keçirilən tədbirlərdə Türkiyə bayraqları yandırılıb. 2016-cı ildəki yürüşdə həm Türkiyə, həm də Azərbaycan bayrağı yandırılıb və bu, uluslararası medianın da diqqətini cəlb edib;
-Paşinyan dövrü (2018–indiyədək): 2023-cü ilin aprelində İrəvanda keçirilən “məşəl yürüşü” zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni qınayıb və Ermənistan hökumətini bu cür nifrət cinayətlərinin qarşısını almağa çağırıb.
İndi isə tendensiyalar və “qanunauyğunluqlar”a baxaq:
Bayraq yandırılması hadisələri əsasən
tarixi kontekst,
siyasi “motivasiya” və
rəsmi münasibət
özəllikləri ilə müşahidə olunur.
Yəni bu cür hadisələr əsasən, saxta “anlamlandırılma” əsasında keçirilən əsilsiz “erməni soyqırımı”nın anım tədbirləri zamanı baş verir. Bayraq yandırılması, Ermənistanın bəzi ictimai-siyasi mərkəzləri tərəfindən Türkiyə və Azərbaycanla bağlı “narazılıqlar”ını ifadə aktıdır. – Amma axı nə üçün, niyə və nə vaxtadək?!.
Ermənistan hökuməti bu cür hadisələrə qarşı səssiz qalır, səssiz qalmayanda da çox zəif, bekara reaksiyalar verir. Örnəyi, 2023-cü ildəki hadisəyə qarşı Azərbaycan və Türkiyə tərəfindən güclü etirazlar bildirilsə də, Ermənistan hökumətinin reaksiyası kafi olmayıb.
Biz hələ bir də
Barış Anlaşması və gələcəyi təsəvvür edək:
Ermənistan və Azərbaycan arasında Barış Anlaşması imzalanması, bu cür hadisələrin qarşısını almaq üçün bir fürsət ola bilər; lakin bu cür nifrət dolu hərəkətlərin qarşısını almaq üçün yalnız diplomatik sazişlər yetərli olacaqmı? Görünür, əsasən ictimai maarifləndirmə, təhsil və qarşılıqlı sayğının təşviqi kimi tədbirlər də vacibdir. – Bəs belə vacibatı kim, necə, nə vaxt yerinə yetirəcək?
Yəni,
bayraq yandırılması kimi hərəkətlər, yalnız qarşı tərəfə deyil, həm də belə hərəkətləri edən toplumun özünə zərər verir. Bu, uluslararası aləmdə Ermənistanın imicinə mənfi təsir göstərir – hətta göstərməsə də, bölgədə barış, əmin-amanlıq və sabitliyin bərqərar olmasına əngəl yaradır. Bu səbəbdən, belə hərəkətlərin qarşısını almaq üçün həm hökumət, həm də vətəndaş cəmiyyəti institutları səviyyəsində ciddi addımlar atılmalıdır, atılmalıdır, atılmalıdır. – Qoy, bu üçlü təkrir, baştutmamış dövlətin üçrəngli çalınma “bayrağ”ının hər boyasına biləvasitə ismarıclar olsun. – Qarşıda gözlənən Anayasa, Nənəyasa, Bacıyasa – hər nəysə – o bəlgəyə “türkə nifrətə son!” buyruğunu da salsınlar; yox, bu mümkün deyilsə, sahə qanununa, o da alınmırsa, normativ hüquq aktlarına salsınlar! Sonra çoooxx gec olmasın!..
Əkbər QOŞALI
Subyekt.az