Soruşdum birindən:-Şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm.
Cavabı asanca qopdu dilindən:
Hələ ölməmisən deyə bilmərəm…
Bir oğul doğuldu-91 il öncə. Ağlı kəsən gündən əlinə “çörək ağacı” əvəzi milli-mənəvi gərək qələməsi götürüb gəldi yazıb-yaratmağa. Ömrünün axırlarına yaxın da yazdı ki; “…Haqqın var yaşamağa”. Bir şair vardı-kainat duyğularına, dünya başına dardı. Ömrü boyu tufan əydi, su yardı. Xətainin qılıncını suvardı-Məmməd Araz karandaşı göyərdi O bu qələm ilə bir xətt çəkdi-“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. “ patriot-portreti yaratdı.
Poeziya-heyrət deməkdir;-şeir heyrətdən doğurur. Şair Məmməd Arazın bütün yaradıcılığı bu heyrətin yaradıcılığıdır. Bu poeziya oxucunu ikiqat heyrətləndirir. Heyrətin birinci səbəbi şairin böyük ilhamla yazılmış hər bir əsəridir. Çünki Məmməd Arazın səmimiyyətlə dolu olan hər bir şeiri hamımıza və ayrılıqda hər birimizə doğma olan hissləri ifadə edir. Heyrətin iknci səbəbi isə şair özüdür. Onun istedadı, heyrətlənmək və heyrətləndirmək bacarığıdır. Poeziya sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımında öz kəşfləri ilə heyrətləndirir. O, hər an görüb duyduqlarımızı tamamilə başqa-yeni gözlə görür, kəşf edir. Məmməd Araz heyrətinin bir mənbəyi var: Azərbaycan torpağı, ana Vətən, onun tarixi, onun gözəllikləri, bir sözlə, Azərbaycanla bağlı hər şey… Məmməd Araz incə, xəfif, kövrək çalarlarla möhtəşəm lövhələr yaradan şairdir. O, yalnız şair deyil deyil, həm də rəssamdır.
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Arazın poetik dünyasında fikirlər, düşüncələr ulduzlar kimi işıq saçır, üzərindən ağır yüklü qatar keçən relslər kimi par-par yanır. Təsvirçilikdən, ritorikadan həmişə uzaq olan bu poeziyanın məqsəi böyükdür, həmişə də də böyük amallar. Böyük amallar, böyük arzular, böyük ideyalar tərənnüm edilmişdir. Şəlalə kimi oxucuların ürəyinə tökülən, varlığında, ruhunda elə şəlalə saflığını, gurluğunu, gözəlliyini, təmizliyini, saxlayan bu poeziyanın mənalı, düşündürən çalarları, əlvan rəngləri, bir-birinə bənzəməyən orijinal motivləri çoxdur. Bu poeziyada Azərbaycan torpağının ətri, rayihəsi, odu, şirəsi, gözəlliyi, dünya problemlərinin, həyat, insan, məhəbbət, motivlərinin əks-sədası, dünənin, bugünün, sabahın səsi güclüdür. Məmməd Araz orijinal şairdir, öz üslununa, dəsti-xəttinə, ifadəsinə, söz ahənginə, şeirin texnilkasına, xüsusilə dərin fikirlərin yığcam, qısa şəkildə, obrazlı tərənnümünə mükəmməl yiyələnmiş, öz mövzularına sadiq olmuş, sənətə bəslədiyi məhəbbət və sədaqətini həmişə qoruyub saxlamışdır. Onun bütün əsərlərində vətəndaşlıq motivləri ilə, şəxsi həyatı ilə bağlı olan motivlər bir-birinə elə qaynayıb qarışmış, böyük ictimai məna, kəsər, ləyaqət qazanmışdır. Məmməd Araz poeziyası Azərbaycan poeziyasının güclü bir qoludur, hamı tərəfindən təqdir olunmuş, bəyənilmiş və geniş oxucu kütləsinin hüsn-rəğbətini qazanmışdır.
Sən ey ana südüm, ey ana nəğməm,
Mən hara gedirəm, hara gedirəm,
Səni aparıram pasportum kimi,
Nəğmə ordum kimi, söz ordum kimi!
Vətən şair üçün böyük və geniş məfhumdur. Odur ki, onun Arazdan, dağlardan, çəmənlərdən, yaxud tarixin unudulmaz şəxsiyyətlərindən söhbət açması elə vətən haqqında söhbət açması deməkdir. Məmməd Arazın bu torpaqlaqla, Arazla, qəhrəmanlarla, təbiət lövhələri ilə bağlı onlarca gözəl şeiri qürur, məhəbbət, vüqar motivləri ilə zəngindir. Vətənin gülünə, çiçəyinə, ağacına, hətta küləyinə belə həsr olunan misralarda bu böyük sevginin ifadəsini görmək olar. Şair “Ceyran azalıb, yaman azalıb” deyəndə də, Araz yadına düşəndə, üstündə çinar görəndə də, Xəzərin quruması, çirklənməsi ilə əlaqədar yazanda da, Azərbaycan qızına, Xalqa, ziyalılarımıza müraciət edəndə də, Babək qılıncından, qalalardan, babasının səsindən söhbət açanda da vətən sevgisinin gücü, qüdrəti ilə dil açıb danışır. Ata ocağına, kəndinə, anasına yazdığı şeirlərində vətən torpağınnın ətri, nəfəsi, şirəsui var, bu torpağa bağlı olan insanlara böyük məhəbbət var. Anadan olduğu Şahbuz, uca dağ kəndi, bu kəndin dağları, dərələri, meşələri onun varlığına, qanına, iliyinə hopmuşdur, şeirlərində bu yerlərin tərənnümü son dərəcədə tədiidir və eyni zamanda böyük səmimiyyətlə doludur. Kəlbəcərdən, Tərtərdən, Dəlidağdan yazanda da eyni məhəbbət duyğuları səslənir. Təbrizdən yazdığı şeirlərində də belə böyük məhəbbət vardır.
Bu gün gərək hər anımız “Vətən!” – desin,
Qılıncımız, qalxanımız “Vətən!” – desin…
Ölənlərin əvəzinə, qalanımız “Vətən!”- desin!..
Xalq şairi Məmməd Arazın (1933-2004) uşaqlığı və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. O, “bütün aləmə” – Vətənə və dünyaya “yayda günəşi, qışda qarı bol olan”, “ürəyinin bir parçası” adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının – həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bilmişdir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan – xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır.
Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan arvadın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə “çırpısı tətikdə, odunu dəmdə” olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:
Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?..
İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, “axşam məktəbli, gündüz çoban” ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə “tapşırıq dəftəri” adlandırdığı “sal daşlar üstündə” yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur. Fikrimizcə, ədəbiyyatşünaslıq baxımından Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü də şeirlərindən birində milli şeirimizin “daş əsgəri” adlandırır. Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” misrası daşla Vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli-mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında “daş ayaqlı-daş əlli” bir insan-qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur “Vətən daşıdır”.
Burası da maraqlıdır ki, Məmməd Arazın yaradıcılığında daş obrazı və ya mövzusu digər şairlərlə müqayisədə daha çox rəngarəng mənalar daşıyır, çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir. Məmməd Arazın şeir dünyası sanki poeziyamızın “daş zəmisidir”. Təsadüfi deyildir ki, şairin kitablarından biri də “Daş harayı” (1992) adlanır. Ədəbiyyatımızda “Vətən qayaları, Vətən daşları” şeirlər silsiləsini də Məmməd Araz yaratmışdır.
Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərindən etibarən Məmməd Araz poeziyamızın xəritəsinin təzələşməsindən, “şeirimizə təzə-təzə yollar” gəlməsindən geniş söz açmışdır. Yəni, keçən əsrin 30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır. Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, məhəbbəti və kədəri qələmə almağa imkan tapmışdır. Bu mənada şairin “Urəyimsiz kəlmə kəsən deyiləm” misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir. Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurla xidmət edir. Əminik ki, şairimizin yaratdığı bu sənət nümunələri gələcək nəsillər üçün bir məktəb, bir ocaq olacaqdır!
AYNUR TURAN
Subyekt.az