
2025-ci il aprelin 1-də DİN-in Polis Akademiyasında tədris prosesində innovativ təlim metodlarının tətbiqi və gənc pedaqoji heyətin peşə bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədilə “Polis təlimçilərinin təlimi” mövzusunda kursa start verilib. Təlimçilər vaxtın idarə edilməsi, təlimçilərin təlimi, liderlik, elmi məqalələrin hazırlanması, sərt və yumşaq bacarıqlarının təkmilləşdirilməsi, effektiv təqdimat bacarıqları və komandaların qurulması kimi mövzularda ixtisaslaşan, 5 illik təlimçilik təcrübəsinə və beynəlxalq sertifikatlara malik olan, Polis Akademiyasının əməkdaşları-Orxan Yaqublu, İsmayıl Əmirli və Ata Vəliyevdir.
Peşəkar təlimçilər bu təlimdə gənc müəllimlərə mövzunu effektiv təqdim etmək, dinləyicilərdə maraq oyatmaq, mövzuya dərindən bələd olmaq, aydın və ifadəli nitq qabiliyyətini inkişaf etdirmək, sərbəst və inamlı çıxış etmək (həyəcanı idarə etmə bacarığı), bədən dilindən düzgün istifadə (jestlər və mimikalar), auditoriyanı fəal şəkildə idarə etmək və interaktiv təlim keçmək kimi vacib bacarıqları ön plana çəkirlər.
TOPCOP təşkilatının Avropada keçirdiyi təlimlərdə, Türkiyə Polis Akademiyasının, eləcə də Azərbaycandakı yerli universitetlərin və beynəlxalq təşkilatların təşkil etdiyi təlim proqramlarında iştirak edən təlimçilər öz təcrübələrini, bilik və bacarıqlarını iştirakçılarla bölüşürlər.
Təlim prosesi çərçivəsində iştirakçılar verilən tapşırıqlara əsasən təqdimatlar edəcək və müzakirələr aparacaqlar.
Subyekt.az