![]()
33 il – kəlbəcərlilərin öz doğma yurdundan, isti ocağından didərgin düşdüyü gün. Əliyalın insanların köməksiz və çarəsiz halda Murovdağın amansız yolları ilə 27 il sürəcək məşəqqətli köçkün və qaçqın həyatından xəbərsiz şəkildə yola çıxdığı gün.
1994-cü il Murovdağ əməliyyatı zamanı kəlbəcərlilər böyük sevinc hissi ilə doğma yurda dönəcəklərinə ümid bəsləyir, cəbhədə baş verənləri izləyirdilər. Çox təəssüf ki, xəyanət nəticəsində Azərbaycan Ordusu Kəlbəcərin bir çox ərazisini işğaldan azad etsə də, vaxtında kömək göstərilmədiyi üçün qışın şaxtalı hava şəraitində böyük itkilərə məruz qalaraq məcburi şəkildə geri çəkildi və azad edilən ərazilər yenidən işğala məruz qaldı.
Növbəti dəfə – 2016-cı il tarixə Aprel döyüşləri kimi tarixə düşən 4 günlük savaş zamanı yenidən böyük sevinc və ümid içərisində yurda dönəcəklərinə inam yarandı. Düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan əsgəri uzun illər işğal altında olan bir çox əraziləri azad etdi. 4 günlük döyüş zamanı ordumuz döyüş əzmkarlığı nümayiş etdirdi. Lakin yenə atəşkəs elan olundu.
2020-ci il Tovuz döyüşləri ilə alovlanan proses, General Polad Həşimovun şəhid edilməsi ilə başlayan qisas hissi ilə alışıb yanan Azərbaycan xalqının ümummilli döyüş tələbi ilə daha da gücləndi və aksiya keçirildi.
27 sentyabr 2020-ci ildə mənfur düşmənin hücumunu dəf etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirərək uzun illər işğal altında olan Azərbaycan torpaqlarını azad etdi və bununla da tarixi ədalət bərpa olundu. Ali Baş Komandan in rəhbərliyi ilə ordu-xalq birliyi öz sözünü dedi, “Dəmir Yumruq” düşmənin başını əzdi.
Bu gün işğaldan azad edilən ərazilərdə yenidənqurma və abadlıq işləri aparılır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır.
Kəlbəcərin işğal günündən 33 il sonra, Kəlbəcərə dönəcək 27 ailə də nəzərə alınmaqla, ümumilikdə 162 ailənin yurda dönüşü təmin olunub. Rayon və ətraf kənd və qəsəbələrin yenidən qurulması işləri sürətlə davam etdirilir.
Bu günə qədər Kəlbəcər rayonunda bir neçə su elektrik stansiyasının tikintisi, dünya şöhrətli “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması, “İstisu” müalicə və istirahət mərkəzinin tikintisi, Zar kəndinin yenidən qurulması, ilkin mərhələdə 550 ailənin məskunlaşması nəzərdə tutulan qəsəbənin tikintisi, Kəlbəcər şəhərində ilkin mərhələdə 201 sakinin köçürülməsi üçün nəzərdə tutulmuş yaşayış kompleksinin və Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin inşası, həmçinin bir sıra iaşə obyektlərinin tikintisi uğurla həyata keçirilib.
Hazırda da quruculuq işləri davam etdirilir. Bütün bu layihələr Cənab Prezidentin təyin etdiyi Kəlbəcər üzrə Xüsusi Nümayəndəliyin təşkilatçılığı ilə icra olunur. Yurda qayıdan soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı yüksək səviyyədə təmin edilir.
Qarşıdakı illərdə dövlət proqramına uyğun olaraq Kəlbəcər şəhərinə, eləcə də digər kənd və qəsəbələrə daha çox ailənin köçürülməsi nəzərdə tutulur.
Bu gün kəlbəcərlilər və respublikanın müxtəlif bölgələrində məskunlaşmış keçmiş məcburi köçkünlər Cənab Prezidentə minnətdarlıqlarını bildirirlər. Əldə olunan bu böyük Zəfərə görə ilk növbədə şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə, eləcə də Azərbaycan xalqının milli birliyinə borcluyuq.
Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizə şəfa diləyirik! Vətən keşiyində dayanan əsgər və zabitlərimizi Allah qorusun!
33 ildən sonra artıq Kəlbəcərin işğal tarixini deyil, yurda qayıdış sevincini yaşayırıq.
Qayıdışın mübarək, Kəlbəcər! Gözünüz aydın, kəlbəcərlilər! Tanrı yanan ocaqlarımızı bir daha söndürməsin!
Bu gün müzəffər xalq olaraq əldə etdiyimiz böyük zəfərin sevincini yaşayır, alnıaçıq, üzüağ şəkildə başımızı dik tutaraq fəxarətlə deyirik:
Qarabağ Azərbaycandır! Kəlbəcər azaddır!
Kəlbəcər – Bakı

Rövşən Hüseynli
Subyekt.az