![]()
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi son müsahibə ilk növbədə Azərbaycanın beynəlxalq platformalarda artan siyasi və diplomatik çəkisinin nümayişi kimi qiymətləndirilməlidir.. Dövlət başçısı xüsusilə WUF13 forumu fonunda Azərbaycanın artıq yalnız enerji ölkəsi deyil, həm də qlobal şəhərsalma, dayanıqlı inkişaf və “ağıllı şəhər” konsepsiyalarının müzakirə olunduğu mühüm mərkəzə çevrildiyini vurğuladı.
Müsahibədə diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması idi. Prezident burada “ağıllı şəhər”, “yaşıl enerji”, müasir infrastruktur və ekoloji yanaşma modelinin tətbiqindən danışaraq Azərbaycanın postmünaqişə dövründə regionu innovativ inkişaf məkanına çevirmək niyyətini ortaya qoydu. Bu, həm siyasi mesajdır, həm də Azərbaycanın regionda uzunmüddətli sabitlik və inkişaf strategiyasının nümayişidir.
Digər mühüm məqam Azərbaycanın beynəlxalq nüfuzunun vurğulanması oldu. 182 ölkədən 40 mindən çox iştirakçının WUF13-ə qatılmasını Prezident Azərbaycanın beynəlxalq etimad qazandığının göstəricisi kimi təqdim etdi. Bu yanaşma həm COP29-dan sonra Azərbaycanın qlobal tədbirlərə uğurlu ev sahibliyi imicini gücləndirir, həm də ölkənin diplomatik əlaqələrinin geniş coğrafiyasını nümayiş etdirir.
Müsahibənin siyasi-kommunikasiya tərəfi də xüsusi diqqət çəkir. “Euronews” kimi beynəlxalq auditoriyaya malik platformaya verilən açıqlamalar Azərbaycanın mövqeyinin Qərb ictimaiyyətinə birbaşa çatdırılması baxımından əhəmiyyətlidir. Prezident burada yalnız regional məsələlərdən deyil, qlobal şəhərsalma, davamlı inkişaf və müasir idarəetmə prinsiplərindən danışaraq Azərbaycanın beynəlxalq gündəlikdə aktiv iştirakçı olduğunu bir daha diqqətlərə çatdırdı.
Ümumilikdə, ölkə Prezidenti cənab İlham Əliyevin son müsahibəsi və müsahibədə toxunduğu xüsuslar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, Qarabağda quruculuq modelini dünyaya təqdim etdiyini,
COP29 və WUF13 kimi platformalar vasitəsilə “yumşaq güc” siyasətini genişləndirdiyini,
regionda sabitlik və modernləşmə mərkəzi kimi çıxış etmək istəyini açıq şəkildə ortaya qoyan mühüm siyasi mesajlar məcmusudur.
Jalə Əliyeva,
Milli Məclisin deputatı
Subyekt.az