![]()
Son dövrlər dünya iqtisadiyyatı da kifayət qədər volatil bir dövr yaşayır. Bunun bir neçə səbəbi var. Birincisi, dünyada gedən proseslərdir. Xüsusən də vaxtilə “Bretton Woods” sistemi adlanan bir nizam qurulmuşdu. 1970-ci illərdən sonra bu sistem zəifləməyə başladı və indi daha qabarıq formada görürük ki, bu proseslər davam edir. Bir növ yeni nizamın qurulması prosesini müşahidə edirik. Bəziləri, o cümlədən alimlər qeyd edirlər ki, artıq yeni nizam formalaşır. Amma digər yanaşmaya görə, hələ “Bretton Woods” sisteminin dağılması prosesi gedir. İkinci vacib məqam ondan ibarətdir ki, hazırda texnologiyalar da kifayət qədər sürətlə dəyişir, yeni sənaye inqilabları baş verir. Ona görə də hər bir iqtisadiyyat, hər bir dövlət özünəməxsus iqtisadi siyasət və iqtisadi doktrina formalaşdırır.
Bu fikirləri Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, UNEC-in İqtisadiyyat kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli deyib.
“Müstəqillik dövründə iqtisadiyyat sahəsində böyük nailiyyətlər əldə etmişik və müəyyən mərhələlər keçmişik. Lakin indi elə bir dövrdür ki, burada həm yüksək texnologiyaların inkişafına, həm də bu yeni dövrlə ayaqlaşmaq üçün iqtisadiyyatın şaxələndirilməsinə ehtiyac var. Bu səbəbdən təxminən 2014-cü ildən sonra Azərbaycan dövləti məhz qeyri-neft sektorunun inkişafına dair iqtisadi siyasət yürütməyə başladı. Hesab edirəm ki, bundan sonra makroiqtisadi göstəricilərdən danışarkən daha çox qeyri-neft sektorunu nəzərə almalıyıq. Neft sektoru iqtisadiyyatda mühüm rol oynadığına görə və biz əsasən qeyri-neft sektoruna fokuslandığımız üçün bizim üçün əsas prioritet məhz qeyri-neft sektorudur. Ənənəvi olaraq ölkəmizdə dövlət proqramları qəbul olunurdu və böyük nailiyyətlər əldə edilib. Məsələn, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına baxsaq, həmin dövr ərzində ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 5,4 dəfə artıb, 2 milyondan çox yeni iş yeri yaradılmışdı. Lakin yeni dövrdən danışırıqsa, burada, təbii ki, yeni yanaşmaya ehtiyac var. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı digər proqramlardan fərqlənir”, – deyə E.Qəribli əlavə edib.
İqtisadiyyat üzrə fəlsəfə doktoru bildirib ki, Prezident İlham Əliyev son müşavirədə üç əsas istiqamət qeyd edib. Bunlardan biri kənd təsərrüfatı və kənd təsərrüfatının suvarılmasına dair dövlət proqramının qəbul olunmasıdır. Digəri nəqliyyat-kommunikasiya sisteminin inkişafıdır ki, bu da bizim üçün prioritetdir. Hazırda sənaye kompleksinin yaradılması məsələsi də gündəmdədir. Kənd təsərrüfatının və emal sənayesinin yaradılması, inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir. Burada su və suvarma məsələsi, dünyada gedən iqlim prosesləri ilə əlaqədar, ən mühüm problemlərdən biridir: “Nəqliyyat-logistika da elə bir baza sahəsidir ki, gələcəkdə nəinki nəqliyyat-logistika sistemimizi qurmaq və inkişaf etdirmək, həm də digər sahələrin inkişafı üçün baza yaratmaq imkanına malikdir. Tarixən baxsaq, bizim regionda, Azərbaycan ərazisində nəqliyyat mühüm rol oynayıb. Amma son dövrlərə qədər, hətta son 100 ildən artıq müddətdə bizim ərazimizdən məhsullar daşınmırdı. Artıq yeni tarix yaradaraq görürük ki, Orta Dəhliz nəqliyyat-tranzit sistemini formalaşdırmaqla gələcəkdə dayanıqlı inkişafımızı təmin etmək imkanına malik olacağıq. Nəqliyyat-logistika sistemi gələcəkdə yeni sənaye kompleksimizin digər ölkələrlə kooperasiyasına da imkan yaradacaq. Lakin yalnız bu layihə ilə kifayətlənməməli, iqtisadiyyatımızın inkişafı üçün digər səyləri də göstərməliyik”.
“Hesab edirəm ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı yeni bir proqramdır. Yeniliyi ondan ibarətdir ki, burada konkret hədəflər müəyyən olunub. Məsələn, bilirik ki, Balakən rayonundakı yataqlarda, Şərqi Zəngəzurda, Qarabağda və Naxçıvanda olan ərazilərdə yenidən geoloji kəşfiyyat işləri aparılacaq və orada sənaye kompleksləri yaradılacaq. Burada konkretlik deyəndə o nəzərdə tutulur ki, konkret obyekt müəyyən olunub və onun sənaye kompleksinə çevrilməsi üçün müddət də müəyyənləşdirilib. İlkin olaraq 4 il müddət müəyyənləşdirilib. Buraya maliyyə resursları da ayrılır, mənbələr müəyyən olunur. Maliyyə mənbələrinin daha mühüm hissəsi büdcədən deyil, dövlət təşkilatlarından ayrılacaq. Bu da müsbət haldır”, – deyə E.Qəribli vurğulayıb.
O deyib ki, digər mühüm məqam burada nəzarət mexanizminin də olmasıdır. Dünya təcrübəsinə baxsaq, xüsusən Yaponiya və Cənubi Koreyanın inkişaf mərhələlərində müəyyən dövrlər üzrə planlaşdırmanın həyata keçirildiyini görürük. Ayrı-ayrı sənaye sahələrinin inkişafına dair dövlət planları müəyyən olunmuşdu. Planlar yeddi illik olurdu və mərhələli şəkildə sənayeləşmə prosesi gedirdi. Düşünürəm ki, bu proses davam edəcək. Dörd ildən sonra bu sənaye kompleksi, klasterlər formalaşacaq. Digər maraqlı məqam isə burada kənd təsərrüfatına və ya ümumi sənaye istehsalına deyil, konkret olaraq dağ-mədən sahəsinə fokuslanmağımızdır. Bu, fərqli cəhətlərdən biridir. Hesab edirəm ki, yeni epoxanın başlanması ilə dövlət proqramlarında müddətin və konkret mexanizmlərin müəyyən edilməsi çox vacib məsələlərdən biridir. Gələcəkdə geoloji kəşfiyyat işləri aparılaraq digər bölgələrdə də bu proses həyata keçiriləcək. Ən vacib məqamlardan biri də odur ki, Azərbaycanda bu layihə ilə klaster formalaşır. Sənaye parkları da klasterin tərkib elementinə çevriləcək. Bu bölgədə yaşayan insanlar bu sahədə ixtisaslaşmalı olacaqlar. Onlar üçün imkanlar yaradılacaq, yeni iş yerləri formalaşacaq. İnanıram ki, Qarabağ Universitetində xüsusən metallurgiya və dağ-mədən sahəsində mütəxəssislər hazırlanacaq. Orada elmi-tədqiqat işləri aparılacaq. Bu sənaye kompleksini inkişaf etdirmək üçün yeni tədqiqatlar aparılmalı və inkişaf etdirilməlidir. Buraya xarici mütəxəssislər də gələcək.
E.Qəribli əlavə edib ki, dağ-mədən və metallurgiya sahəsinin inkişafı gələcəkdə digər sənaye komplekslərinin yaranmasına zəmin yaradacaq. “Bundan sonra digər bölgələrdə və sahələrdə də belə layihələrin, proqramların və planların qəbul olunması bugünkü dövrün xüsusiyyətlərini nəzərə alaraq yeni sənaye komplekslərinin yaradılmasına şərait yaradacaqdır. Bu proqram işıqlandırılmalı, mütəmadi təhlil olunmalı və burada nəzərdə tutulan mexanizmlər üzrə monitorinq aparılmalıdır. Universitetlər, akademiya və ayrı-ayrı təşkilatlar da buna uyğun addımlar atmalıdırlar. Bu, kompleks şəklində olduğuna görə bütün sahələrə təsir edəcəkdir. Dörd ildən sonra da ilkin nəticələrini, təbii ki, biz görəcəyik. Gələcəkdə hətta abituriyentlər öz ixtisaslarını seçərkən nəzərə almalıdırlar ki, dövlətin bu sahəyə qayğısı var, bu sahə diqqət mərkəzindədir”.
Subyekt.az