![]()
Cari ilin iyun ayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevlə keçirilən görüşlər zamanı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşlər zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində oldu. Xəzər regionunda yerləşən iki dövlətin birgə fəaliyyəti beynəlxalq yükdaşımaların genişlənməsinə, yeni nəqliyyat marşrutlarının inkişafına və regionun tranzit imkanlarının artmasına mühüm töhfə verir. Bu əməkdaşlıq artıq təkcə ikitərəfli deyil, daha geniş coğrafiyada iqtisadi əlaqələrin inkişafına xidmət edən strateji əhəmiyyət daşıyır.
Xüsusilə qeyd olunmalıdır ki, iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşımalar təkcə Azərbaycan və Türkmənistan üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr beynəlxalq yükdaşımalar arxitekturasına təsirsiz ötüşmür. Ənənəvi olaraq istifadə olunan nəqliyyat-logistika marşrutları sabit şəkildə istismar olunmur. Belə bir vəziyyət etibarlı, təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyəti getdikcə yüksəlməkdədir ki, Azərbaycan üzərindən keçən Orta Dəhliz bu baxımdan ən vacib sayıla bilənlərdəndir. Orta Dəhliz üzərindən daşınan yüklərin həcminin ildən ilə artması həm də bu dəhlizin hansı strateji əhəmiyyətə malik olduğunu göstərir.
Hazırkı həssas dönəmlərdə bu kimi nəqliyyat və logistika layihələrinin istismarı həm də siyasi qarşılıqlı fəaliyyətin ən yüksək səviyyədə bərqərar olduğunu zəruri edir. Yəni belə qarşılıqlı fəaliyyətin qurulması üçün siyasi iradə olmadığı təqdirdə regionalları bir-birinə bağlayan inteqrasiya layihələrini həyata keçirmək olduqca çətindir. Orta dəhliz və onun ayrı-ayrı seqmentlərinin idarə olunması məhz belə bir siyasi iradənin mövcudluğu sayəsində mümkün olur.
Azərbaycanla Türkmənistan arasında mövcud olan və ildən ilə intensivləşən siyasi qarşılıqlı fəaliyyət həm iki dövlətin malik olduğu coğrafi şəraiti, həm də nümayiş etdirilən siyasi səyləri uğurlu şəkildə bir araya gətirir. Məhz bu nailiyyət imkan verəcəkdir ki, həm iki dövlət arasında yük axınları daha da artsın, həm də beynəlxalq yükdaşımalarda maraqlı olan üçüncü ölkələrin də bu prosesə fəal surətdə qoşulması baş versin. Bu baxımdan həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyət həyata keçirilən xarici siyasətin prioriteti olaraq müəyyən edilir.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsində Türkmənistanın dəstəyi də xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq regionlararası inteqrasiyanın güclənməsinə, siyasi dialoqun dərinləşməsinə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Bu səbəbdən cari ilin iyul ayında Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya öz fəaliyyətini əvvəlcədən hərtərəfli hazırlanmış tapşırıqlar və onların birgə həlli istiqamətində aparılan işlər əsasında quracaq. Bu isə yeni layihələrin reallaşdırılmasına əlverişli şərait yaradacaqdır.
Nəqliyyat və logistika imkanları ilə yanaşı Azərbaycan və Türkmənistan həm də zəngin enerji ehtiyatlarına malik, regionun inkişafında mühüm rol oynayan dövlətlərdir. Qarşılıqlı etimad və dostluq əsasında qurulan münasibətlər gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə, əməkdaşlığın daha da genişlənməsinə və qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan və Türkmənistanı birləşdirən amillər təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Ortaq dil, tarix, mədəni yaxınlıq, milli-mənəvi dəyərlər və qarşılıqlı hörmət bu münasibətlərin əsas dayaqlarını təşkil edir. Son illərdə hər iki ölkədə keçirilən mədəniyyət günləri, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri və şəhərlər arasında qurulan qardaşlaşma əlaqələri xalqlarımızın yaxınlığını daha da möhkəmləndirib.
Son olaraq xüsusilə vurğulamaq istəyirəm ki, ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri də Qarabağın bərpası prosesidir. Türkmənistanın bu istiqamətdə göstərdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirilir. Bu, qardaş ölkənin Azərbaycan xalqına olan səmimi münasibətinin və dostluğunun növbəti təzahürüdür. Belə ki, Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü məhz Türkmənistan tərəfindən irəli sürülməsi və bu əsasda müvafiq tikinti işlərinə başlanması qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi kimi dəyərləndirilir.
Azərbaycanın təhlükəsizlik konsepsiyası və xarici siyasət doktrinası, Türkmənistan da daxil olmaqla, bir çox dövlətlərin diqqət mərkəzindədir. Azərbaycanın xarici diplomatiyasının gücü ondadır ki, o, dayanıqlılıq, təmkin, strateji çeviklik və dövrün çağırışlarına operativ cavab vermək prinsiplərinə əsaslanır. Məhz bu xüsusiyyətlər Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib. Xəzər dənizinin iki sahilində yerləşən və ortaq bağlara malik olan hər iki dövlət qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında əməkdaşlığını davamlı şəkildə genişləndirir. Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasəti həm Türkmənistan, həm də bu bölgədə ölkəmizlə dərinləşdirilmiş əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqları olan digər dövlətlər tərəfindən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşlıq modeli kimi qiymətləndirilir.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Subyekt.az