![]()
Bu gün bölgələrdən Bakıya gəlmiş bir qrup həkim Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi ixtisarlarla bağlı etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları səhiyyə müəssisələrində aparılan ixtisarların dayandırılmasını, işdən azad edilmiş həkimlərin iş yerlərinə bərpa olunmasını tələb ediblər. Həkimlər müraciətlərində ölkə başçısından və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan məsələyə müdaxilə etməyi xahiş ediblər.
Etirazçılar bildiriblər ki, mövcud ixtisar siyasəti təkcə həkimlərin sosial vəziyyətinə deyil, eyni zamanda əhalinin keyfiyyətli tibbi xidmətə çıxışına da mənfi təsir göstərir. Onların sözlərinə görə, TƏBİB-in fəaliyyəti nəticəsində yüzlərlə ixtisaslı həkim işsiz qalaraq xarici ölkələrdə çalışmağa məcbur olur.
Aksiya iştirakçıları qeyd ediblər ki, hazırda Azərbaycanda həkim çatışmazlığı müşahidə olunduğu halda, mövcud ixtisarlar səhiyyə sistemində vəziyyəti daha da ağırlaşdırır. Bu isə regionlarda tibbi xidmətin keyfiyyətinin aşağı düşməsinə və vətəndaşların ciddi problemlərlə üzləşməsinə səbəb olur.
Həkimlər səhiyyə sahəsində şəffaflığın təmin edilməsini, qərarların mütəxəssislərin iştirakı ilə qəbul olunmasını və sosial ədalətin qorunmasını tələb ediblər.



Rövşən Hüseynli
Subyekt.az