![]()
Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alınıb.
Subyekt.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Prezident bildirib ki, qurultay nümayəndələrinin əksəriyyətini məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoyublar:
“Onların xatirəsini bu gün də ehtiramla yad edirik. Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırıb”.
Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlərin dayandığını əminliklə söyləmək olar.
Bəs Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəalar nələrdən ibarət idi?
Birinci Türkoloji Qurultay 26 fevral-6 mart 1926-cı il tarixlərində Bakıda keçirilib və XX əsrdə türk xalqlarının dili, əlifbası, tarixi, ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş ən mühüm elmi toplantılardan biri hesab olunur. Qurultayda SSRİ-də yaşayan türk xalqları ilə yanaşı, Türkiyə, Almaniya, Macarıstan və digər ölkələrdən alimlər iştirak ediblər. Toplantıda 130-dan çox nümayəndə və çoxsaylı qonaqlar iştirak edib, yüzlərlə elmi məruzə dinlənilib.
Qurultayın əsas məqsədi türk xalqları arasında elmi əməkdaşlığı gücləndirmək, ortaq problemləri müzakirə etmək və türk dillərinin inkişafı üçün vahid istiqamətlər müəyyənləşdirmək idi.
Qurultayda səslənən başlıca fikir və müddəalar latın qrafikalı vahid əlifbaya keçid idi. Qurultayın ən mühüm qərarı ərəb əlifbasından mərhələli şəkildə latın qrafikasına keçidin dəstəklənməsiydi. Savadlılığı artırmaq, təhsili asanlaşdırmaq, türk xalqları arasında yazılı əlaqələri gücləndirmək, elmi və texniki biliklərin mənimsənilməsini sürətləndirmək üçün əlifbanın dəyişdirilməsi zəruri hesab edilmişdi.
Bundan başqa, qurultayda türk dillərinin elmi şəkildə öyrənilməsi üçün türk dillərinin müqayisəli qrammatikasının hazırlanması, dialektlərin sistemli şəkildə tədqiq olunması, vahid terminologiya üzərində iş aparılması, lüğətlər və elmi nəşrlərin hazırlanması qərara alınmışdı.
Birinci Türkoloji Qurultay həmçinin türk xalqlarının ortaq tarixi irsinin araşdırılmasını, folklor nümunələrinin toplanmasını, klassik ədəbi irsin nəşrini, alimlər arasında müntəzəm əməkdaşlığı vacib hesab edən qərar qəbul etmişdi. Eyni zamanda qurultayda elm, texnika, hüquq və digər sahələr üzrə terminlərin mümkün qədər ortaq prinsiplərlə hazırlanması irəli sürülmüşdü ki, müxtəlif türk xalqları arasında elmi ünsiyyət asanlaşsın.
Türk xalqlarının qədim tarixi, etnogenezi, arxeoloji abidələri, maddi və mənəvi mədəniyyəti üzrə tədqiqatların genişləndirilməsi də qəbul olunmuş qərarlar sırasındaydı.
Birinci Türkoloji Qurultayda dövrün görkəmli ziyalıları, elm, mədəniyyət, ədəbiyyat adamları, nüfuzlu alimlər iştirak etmişdilər.
1930-cu illərdə “Böyük Təmizləmə” dövründə sovet rəhbərliyi türk xalqları arasında yaxınlaşmanı siyasi təhlükə kimi qiymətləndirdi. Bunun nəticəsində Qurultayın bir çox təşkilatçı və iştirakçıları repressiya edildi, türkoloji tədqiqatlara ciddi məhdudiyyətlər qoyuldu, latın əlifbasından imtina etdirilərək türk respublikaları mərhələli şəkildə kiril əlifbasına keçirildi, ortaq elmi və mədəni layihələr dayandırıldı.
O dövrkü bütün repressiya və məhdudiyyətlərə, qadağalara baxmayaraq, Birinci Türkoloji Qurultay türk dünyasının inteqrasiyası tarixində dönüş nöqtəsi hesab olunur.
Burada irəli sürülən ideyalar-ortaq əlifba, dil əməkdaşlığı, elmi əlaqələrin genişləndirilməsi, mədəni irsin birlikdə araşdırılması bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən bir çox humanitar və mədəni layihələrin ideya əsasları kimi qiymətləndirilir. Məhz buna görə Prezident İlham Əliyev də müraciətində qeyd edib ki, təşkilatın ortaq humanitar məkanın formalaşdırılması istiqamətində gördüyü işlərin təməlində 1926-cı il Birinci Türkoloji Qurultayının mütərəqqi ideyaları dayanır.
Etibar Seyidağa
Subyekt.az